https://www.zirve.edu.az/
10.01.2020 11:04
Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, bilik yarışının ilkin mərhələsində bu il təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulur.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakına da icazə verilir.

Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.