https://www.zirve.edu.az/
08.01.2020 09:43
Birgə tədqiqi nəzərdə tutulan ulduzlar müzakirə edilib
Çap et

AMEA Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, dosent Canməmməd Rüstəmov Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı “HORİZON” 2020 tərəfindən maliyyələşdirilən “Ekstremal Massiv Ulduzların Fizikası” adlı,  Mariya-Skladovskaya-Küri qrant layihəsi çərçivəsində Estoniyanın Tartu Universiteti nəzdindəki Tartu Rəsədxanasında elmi ezamiyyətdə olub.

Ezamiyyət müddəti ərzində C.Rüstəmov göstərilən qrant layihəsi çərçivəsində tədqiq olunması nəzərdə tutulan massiv ulduzların əsas tədqiqat istiqamətləri, həllini gözləyən problemlər, tədqiqat zamanı tətbiq olunan üsullar, gözlənilən nəticələr, bu nəticələrin təhlili, Tartu Rəsədxanasında və ŞAR-da aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və s. istiqamətdə iş aparıb.

C.Rüstəmov Tartu Rəsədxanasının elmi seminarında çıxış edərək, ŞAR-da aparılan elmi- tədqiqat işləri barədə ətraflı məlumat verib. Seminarda ŞAR ilə Tartu rəsədxanası arasında birgə tədqiqi nəzərdə tutulan ulduzlar da müzakirə edilib. Çıxış maraqla qarşılanıb və verilən suallar cavablandırılıb.

Ezamiyyət zamanı C.Rüstəmov ŞAR-da alınan eşelle spektrlərin (fits faylların) Başlıqlarının (header) redaktəsi, bu başlıqlara vacib olan informasiyaların əlavə olunması, verilənlər bazasının (database) yaradılması məsələləri ilə də məşğul olub. Bu işlər alınmış eşelle spektrlərin beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsi nöqteyi- nəzərindən mühüm əhəmiyyət kəsb edir.

Hal-hazırda Tartu Rəsədxanasında nanopeyklərin tədqiqi istiqamətində intensiv elmi- tədqiqat işləri aparılır. C.Rüstəmov ezamiyyətdə olduğu vaxt ərzində Tartu Rəsədxanasında nanopeyklərin hazırlanması, onların müxtəlif laborotor sınaqlardan keçirilməsi, nanopeyklərlə əlaqə yaradılması, nanopeyklərdən gələn siqnalların qəbulu və təhlili və s. məsələlərlə tanış olub.

Tartu Rəsədxanasında inkişaf edən sahələrdən biri də kosmologiyadır. C. Rüstəmov Tartu Rəsədxanasında kosmologiya sahəsində olan işlərlə də tanış olub və bu sahələrdə çalışan alimlərlə gələcəkdə mümkün əməkdaşlıqlar barədə müzakirələr aparıb.