Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-04 15:16:00
 Azərbaycan filmi- “Şollerin arxivi”  2020-ci ilin ilk uğurunu Texasda qazandı

Azərbaycan istehsalı olan “Şollerin arxivi”  bədii filmi ABŞ-ın cazibədar şəhəri Texasda 8 fevral 2020-ci ildə birincilik uğrunda yarışacaq. 

“İstehsal etdiyim “Şollerin arxivi” bədii filmi Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi qiymətləndirilib və dünyada böyük marağa səbəb olub. Belə ki, bədii film Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox mükafat qazanıb. Ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 35 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub”.

AzEdu.az xəbər verir ki, bu barədə  məlumat verən filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov çəkdiyi filmlərin qazandığı uğurlarından da bəhs edib: 

“Ekranlaşdırılan filmlərim cari ildə beynəlxalq festivallardan ümumilikdə 95 mükafat qazanıb. Beynəlxalq festivallarda böyük ekranda səsləndirilib. Bu film Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağa davam edir”. 

Cəlaləddin Qasımovun sözlərinə görə, ABŞ-ın cazibədar şəhəri Texasda “Waco Family & Faith International Film” festivalında dünyanın məşhur Hollivud ulduzlarının qatıldığı 1600-dən çox təqdimat alan filmlərin arasından Azərbaycan istehsalı olan “Şollerin arxivi”  bədii filmi ikinci baxışdan da uğurla çıxıb və yarımfinala vəsiqə qazanaraq, 8 fevral 2020-ci ildə birincilik uğrunda yarışacaq.

C.Qasımovun sözlərinə görə, yeni filmlər istehsal etməkdə məqsədi Azərbaycanın multikultural dəyərlərini dünyaya tanıtmaqdır. O, deyib: “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Dövlət dəstəyi olsa, daha çox mükafat əldə edərik. Çəkdiyim filmlər dünya film bazarında Vimeo, Amazon, ABŞ, İngiltərə, UDU Digital, Hollivud prodüsserləri ilə əlaqə məkanı olan iPitch.tv-nin 17 film platformalarında yerləşdirilib. Dünya mediasında barələrində geniş məlumatlar yazılıb. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik”.

Qeyd edək ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib.
“Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Hər bir milləti dünyada idmanı və filmləri ilə geniş tanıyırlar. Filmlər də ölkənin mədəniyyətini, tarixini tanıtmaq üçün ən gözəl vasitədir.

Triller janrında çəkilmiş filmdə xalq artisti Sabir Məmmədov, əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. (Modern)