https://www.zirve.edu.az/
21.11.2019 09:12
Bu bölgədə də abituriyentlərin çoxu BDU-nu seçir – Təhsil göstəriciləri  

 

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Cəlilabad rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1582 şagird bitirib, onların 1510 nəfəri buraxılış imtahanında iştirak edib və 656 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 25.76%-i “2”, 38.34%-i “3”, 23.25%-i “4”, 12.65%-i “5”, riyaziyyat fənni üzrə 34.57%-i “2”, 28.28%-i “3”, 21.19%-i “4”, 15.96%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 40.33%-i “2”, 41.85%-i “3”, 11.99%-i “4”, 5.83%-i “5” qiyməti alıb. Ümumilikdə, 1512 nəfər attestat alıb. Attestat alanların 46.89%-i (709 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 35.05%-i (530 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə, attestat alanların 53.90%-i (815 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 363 məzunu (imtahanlarda iştirak edənlərin 44.54%-i) tələbə adını qazanıb. Onların 28.65%-i (104 nəfəri) dövlət, 0.83%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 58.13%-i (211 nəfəri) dövlət, 12.40%-i (45 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Rayon məzunlarının 74 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 247.58-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 9.6% aşağıdır.

Rayon abituriyentlərinin yalnız 35.12%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 5.80%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 39.13%-dir. Qəbul imtahanlarında 72 məktəbin məzunları iştirak edib.

Bu məktəblərdən Təklə kənd, Şiləvəngə kənd, Soltankənd kənd, Həziabad kənd, Xəlilabad kənd, Məşədilər kənd, Kövüzbulaq kənd 1 saylı, Alaşar kənd, Sabirabad kənd 2 saylı və Uzuntəpə kənd 4 saylı tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Cəlayir kənd və Əsədli kənd tam orta məktəblərinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməmişdir. Təklə kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları