Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 14:22:00
Misir Mərdanov: “30 illik fəaliyyətim dövründə  mediadan bircə  dəstək də görmədim”-MÜSAHİBƏ  

 “Vəsiyyət edərdim ki, başdaşımın üzərinə bu kitablarımın şəkli vurulsun”

AzEdu.az  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla  müsahibəni təqdim edir:

-Misir müəllim, hər zaman elm və təhsilin inteqrasiyasının vacibliyindən danışmışınız. Bu tandem  rəhbəri olduğunuz institutun nümunəsində necə təcəssüm olunur?

-Bu yaxınlarda institutumuzun 60 yaşı tamam oldu. Burada hər zaman elm və təhsil  paralel şəkildə inkişaf etdirilib. Elmi-tədqiqat institutu olduğumuz üçün  işimizin 75 faizi  elmlə əlaqəli olub. Hesab edirəm ki,  institutun vəzifəsinin yerdəqalan  25 faizi isə təhsillə bağlıdır.

İnstituta müxtəlif dövrlərdə  rəhbərlik edib,  burada çalışan insanların çoxu həm də  BDU-da–bir addımlığımızdakı universitetdə-işləyib və orada təhsil alıblar. Alimlərimiz BDU, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Texniki Universitetində  çalışıblar. Onlardan bəziləri  tam , bəziləri isə yarım ştat burada vəzifələrini icra ediblər.

Bir neçə ildir ki,  AMEA-da  təhsilin magistratura səviyyəsi  yaradılıb. Təbii ki, biz də bu prosesdən geri qalmırıq, müəllimlərimiz instituta gələn gənc magistr tələbələrlə ciddi məşğul olurlar.

Bir müddət öncə biz Gənc İstedadlar Məktəbini formalaşdırdıq. Burada  institutumuzun seçilən alimləri dərs deyiblər. Bu məktəbə Bakı şəhərinin orta məktəblərinin  seçilən şagirdləri gəlirdi. Həftədə bir dəfə onlara elementar riyaziyyatın seçilən dərsləri üzrə  mühazirələr oxunurdu. Sonralar biz bunu davam etdirə bilmədik.

Əməkdaşlarımız   orta məktəblərə dəvət alır, orada görüşlər keçirirlər.

Düşünürəm ki, bütün bu sadaladığım işləri  elm və təhsilin inteqrasiyasına bilavasitə  aid etmək olar.

“Mən indi orta məktəb üçün dərslik yazmaq fikrindən uzağam”

-Misir müəllim, dərsliklərdən danışdınız. Siz həm də orta məktəblərdə riyaziyyat dərsliklərinin müəllifi olmusunuz. Sabiq Təhsil Naziri kimi zamanında dərsliklərin keyfiyyətinin yüksəldilməsi üçün hansı addımları atmışdınız?

-Müəllifi olduğum dərsliklər təxminən,  10 il bundan əvvəl məktəblilər üçün çap edilib. O zaman  Təhsil Naziri vəzifəsində çalışırdım. Həmin dövrə  qədər ümumtəhsil məktəblərinin bütün sinifləri üçün dərsliklər Moskvada hazırlanırdı və  Azərbaycan dilinə tərcümə edilərək ölkəmizdə dərc olunurdu. Ölkə rəhbərliyi  xüsusi tapşırıq vermişdi  ki, bütün dərsliklər Azərbaycanda hazırlansın və bütün çap prosesi ölkəmizə aid olsun. Biz bu prosesi həyata keçirməyə başladıq. Əsas çətinliyimiz Azərbaycan dili, tarix  və coğrafiya fənnindən oldu. Çünki bu dərsliklər  həmin zamana kimi Azərbaycan dilində çap edilməmişdi. Bir müddət sonra riyaziyyat  dərsliklərinin də çapına da başladıq. Qısa müddətdə  bu məsələni də  həll etdik; V-XI sinfə kimi olan  bütün dərslikləri çap etdirib, məktəblilərə verdik. Hesab edirəm ki,   bu, o zaman üçün çox uğurlu addım idi. Biz həmin o addımları davam etdirib, orta məktəblər üçün dərsliklərin hazırlanmasında dünya təcrübəsindən yararlandıq. Təhsil Nazirliyində  Dərslikləri Qiymətləndirmə Şurasını yaratdıq. Çalışdıq ki, dərsliklərin keyfiyyəti  yüksək səviyyədə olsun və bu gün həmin proses  nazirlik tərəfindən daha uğurlu şəkildə davam etdirilir.

Mən indi orta məktəb üçün dərslik yazmaq fikrindən uzağam. Çünki hazırda tamam başqa sferada işləyirəm.

-Elə isə gəlin, hazırki işlərinizdən danışaq...

-Artıq 6 il yarımdır ki,  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edirəm. Burada işləmək mənə çətin olmadı. Çünki  kollektivin üzvlərini uzun zamandır ki, tanıyırdım. Bəzilərinə hətta dərs də demişdim.

Riyaziyyat və Mexanika İnstitutu  akademiyanın sayca ən kiçik elmi müəssisəsidir. Ancaq  keyfiyyət göstəricilərimiz çox yüksəkdir. Elmi fəaliyyətlə məşğul olan alimlərimizin sayı çoxdur. Əməkdaşlarımızın 50 faizindən çoxunun elmi adı və  dərəcəsi var. 60-dan çox elmlər doktoru və professorumuz var. Bu, kiçik göstərici deyil.

Əsas işlərimizdən biri də  bu institutun elmi jurnallarının keyfiyyətinin yüksəltməkdir”.

“Əgər  əsər və məqaləniz  xarici ölkədə oxunmursa, onu yazmaq belə əbəsdir”

Haşiyə - 1 - Bu əsnada Misir müəllim Mexanika və Riyaziyyat İnstitutunun jurnallarını bizə göstərir və onların fəaliyyət istiqamətlərindən bəhs edir:

-Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu instituta gəldikdən sonra Azərbaycan Riyaziyyat Cəmiyyətinin jurnalını  ingilis dilində çap etdirdik. Onun hər il iki nömrəsi çapdan çıxır. Bu jurnal Clarivate Analytics , Web of Sience bazasına daxildir. Baş redaktoru akademiyanın müxbir üzvü,  institutumuzun şöbə müdiri Bilal Bilalovdur.

Digər bir  jurnal isə  Riyaziyyat və Mexanika İnstitutunun Elmi Əsərləri jurnalıdır, baş redaktoru özüməm; ingilis dilinə də tərcümə olunur. 2016-cı ildən  Web of Sience-ın ilkin bazasına  düşüb. Bu jurnala kimi heç bir akademiyaya bağlı jurnal Web of Science-ın bazasına düşməmişdi.

Digər bir jurnal isə Azərbaycan Milli Elmlər Akademiyasının  Xəbərləri jurnalının  Riyaziyyat seriyasıdır. İngilis dilinə də çap olunur. Bu jurnalı təzə çap etməyə başlamışıq.

Bizim işin istiqamətlərindən biri də bu elmi jurnalların dünya miqyasında   tanıdılmasıdır. Günümüzdə dünyada 100 minlərlə jurnal və məqalələr çap olunur. Lakin dünyanın tanınan alimlərinin   nə vaxtları, nə də maraqları yoxdur ki,  bu jurnalların hamısını vərəqləsin. Yalnız Web of Sience və Scopus-un bazasına aid olan jurnallar daha çox oxunur.

Bu gün Azərbaycanda çoxlu jurnallar çap olunur. Əgər sizin  yazdığınız əsər və məqalə  xarici ölkədə oxunmursa, onu yazmaq da əbəs yerə olacaq. Bu gün bizim əsas məqsədlərimizdən biri də  elmi məqalə və jurnallarımızı dünyada tanıtmaqdır. Müasir tələblərə cavab verən məqalə üçün hansı şərtlərin lazım olduğu isə  mənim məqalələrimdə öz əksini tapıb. Bu bizim işimizin əsas tərəfidir:

Haşiyə - 2 - Bu əsnada Misir müəllim  müəllifi olduğu kitabları bizə göstərir və onlar haqqında fikirlərini bölüşür.

Misir müəllim kitabları göstərərkən qeyd edir ki, onun elmi məhsuldar o dövrü məhz bu instituta direktor təyin edildikdən sonra başlayıb. Kitabları xüsusi  şövqlə təqdim edir.  İnstitut direktoru olandan bu günədək – yəni 6 il yarım müddətində bir xeyli kitab yazıb. Misir müəllimi dinlədikcə  anlayırsan ki, o, həqiqətən də kitab, məqalə yazmaq, bir sözlə elmlə məşğul olmaq üçün çox darıxıbmış...

-Bura gəldikdən sonra xeyli kitab yazmışam. Onlardan biri belə adlanır: “Müəllimim Qoşqar Əhmədov”. Bu insan mənim müəllimim olub. O, Azərbaycanın çox tanınan simalarından biri idi. Müəllimimin həyat və elmi fəaliyyətini  kitabda  tam şəkildə canlandırmışam.

Bu kitabım isə (əliylə xeyli sayda kitabların arasından ən “cansız”ını göstərir) “Məktəblilər üçün izahlı Riyaziyyat lüğəti”dir.

Hə onu da qeyd edim ki, yazdığım kitabların hamısını ölkənin müxtəlif kitabxanalarına bağışlamışam.

Azərbaycanın  böyük alimi, AMEA-nın prezidenti, Riyaziyyat və Mexanika İnstitutunu yaradan  və ömrünün sonuna qədər bu institutun direktoru vəzifəsini icra edən Zahid Xəlilov haqqındadır. O,  Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktoru olan şəxsdir. Həmçinin, funksional analiz  üzrə  keçmiş SSRİ də  ilk kitab yazan alim də odur. Bu kitabda onun 1949-cu ildə yazdığı kitabdır. Biz onu ötən il  Moskvada rus  dilində yenidən nəşr etdirdik və dünyaya yaydıq. Bu kitab dünya riyaziyyat elmində bir yenilik kimi qarşılandı”. 

“Bolşevik nazir Dadaş Bünyadzadənin sözü mənə çox toxundu”

Digər bir kitabım isə bu  yaxınlarda çapdan çıxan  “Azərbaycan riyaziyyatçılarıdır”. Burada Nəsrəddin Tusidən başlayaraq bütün riyaziyyatçılar – həmçinin, SSRİ dövrünün  alimləri, Akademiyanın üzvləri  və elmlər doktorları -  haqqında məlumatlar  yer alıb.

Təhsil Naziri vəzifəsində çalışanda biz Müstəqil Azərbaycan Müəllimlərinin I Qurultayını keçirdik. Bu hadisə 1998-ci ilin sentyabr ayının 25-nə təsadüf etmişdi. Həmin tədbirdə Ulu Öndərin özü şəxsən iştirak edirdi. Mən həmin tədbirə hazırlaşanda maraqlı faktla rastlaşdım. Belə ki,  bolşeviklər Azərbaycanı  istila etdikdən sonra onun ilk təhsil və dini etiqad naziri  olan Dadaş Bünyadzadə çıxışlarının birində qeyd etmişdi  ki,  Çar Rusiyası Azərbaycana heç bir xeyir verməyib. Çünki çarın dövründə çox az azərbaycanlı müsəlman  ali məktəbdə təhsil alıb. O, qeyd etmişdi  demişdi ki, Çar  Rusiyası dövründə cəmi  62 nəfər azərbaycanlı ali təhsil ala bilib. Bu, mənə toxundu.  Düşündüm ki, belə bir fakt doğru ola bilməz. O vaxtdan həqiqəti üzə çıxarmaq məqsədilə bu yola çıxdıq: Bu sahədə tanınan professor Ədalət Tahirzadə ilə  görüşdüm. Ədalət müəllimi 1920-ci ilə qədər  ali məktəbləri olan bölgələrə göndərdim. O, Kiyevə, Moskvaya, Sankt-Peterburqa , Kazana və digər yerlərə yola düşdü. Ədalət müəllimin güclü səyləri nəticəsində biz 62 rəqəmini  900-ə  çatdırdıq. 900 nəfərin adı və soyadı bilindi. Amma 725 nəfərin  şəxsi işi tapıldı. Biz 3-cü ildir ki,  artıq o sənədlərin əsasında   bu 3 kitabı nəşr etmişik.Birinci cildi biz keçən il çap etdik. Onun  adını belə qoyduq: “1920-ci ilədək  Ali Məktəblərdə Oxumuş  Azərbaycanlılar”.

Çünki onların bəziləri tam şəkildə ali məktəbi bitirə bilməmişdi. Kitabın iki cildini isə  biz bu il ortaya qoymuşuq. Bu Azərbaycan tarixində böyük əhəmiyyəti olan məsələdir. Biz hazırda 4-cü cild üzərində işləyirik. Bu kitab 7 cilddən ibarət olacaq. İnşallah biz 2021-ci ildə onu başa çatdıracağıq. Kitablar çıxdıqca  bəzi adamlar   öz qohumları, tanışları haqqında olan məlumatları  bizə məktublar vasitəsi ilə  göndərdilər. Biz kitabın birinci cildinin ön sözündə yazmışıq ki,   kim bizə bu barədə məlumat verərsə,  bunu gələcək cildlərimizə salacağıq. Ona görə də  8-ci cildi çap etdirmək niyyətindəyik. Burada hər bir adamın şəkilləri  rəssam tərəfindən eyniylə çəkilib. Kitabın daxilində  həmin şəxslərin nəslinin  nümayəndələri yer alıb”.

“Vəsiyyət edərdim ki,  başdaşımın üzərinə  bu kitablarımın şəkilləri  vurulsun”

 

Misir Mərdanov elmi fəaliyyətlə hazırda deyil, Təhsil Naziri vəzifəsində çalışdığı vaxtlarda da məşğul olub.

Bu məqamda Misir müəllim həmin kitabları rəfdən çıxararaq bizə göstərir. Arxasınca isə xatirələr...

-Nazirlikdə olanda 4 cildlik “Azərbaycan Təhsil Tarixi” kitabını yazdım.

“Azərbaycan Təhsil Nazirləri” kitabı Xalq Cümhuriyyəti dövründən müasir Azərbaycana qədər olan  bütün nazirlər haqqında informasiyaları əks etdirir. Mümkün olan bütün materialları toplayıb  burada əks etdirmişəm. Hacı Zeynalabdin Tağıyevin yaratdığı məktəb və onun  nizamnaməsi  də burada öz əksini tapıb.

 “Azərbaycan Təhsil Tarixi” əsəri isə həqiqətən təhsilimiz üçün vacib kitablardandır. Mən xatirə də yazıram. O da gələcəkdə çap olunar. Həmin xatirədə bu kitablar barəsində bunları yazmışdım: vəsiyyət edərdim ki,  baş daşımın üzərinə  bu kitablarımın şəkilləri vurulsun”.

-Misir müəllim, kifayət qədər məhsuldar işləyirsiz...

-....Mənim nə evdə, nə də burada bir dəqiqə boş vaxtım yoxdur.Ona görə də çox zaman insanlarla görüşə bilmirəm. Çünki bu istər-istəməz vaxt alır. Səhər saat  10-dan 5-ə kimi burada işləyirəm. Qalan vaxtda isə evdə çalışıram. Gündəlik qrafikim ancaq iş üzərində qurulub.

-Bu qədər elmi əsərlərin müəllifisiz. Maraqlıdır heç yorulduğunuz vaxtlar olurmu?

-İnanın ki, bu kitabları yazdıqca  enerjim daha da artır. Onu da deyim: digər fəaliyyətim Azərbaycandan kənarda yaşayan   alimlərlə bağlıdır. Mənim onlarla çox yaxın münasibətim var Bizim işlərimizdə  həmin alimlər mənə yaxından köməklik edirlər.

Onlardan biri mənə çox böyük dəstək verib - Yalçın Əfəndiyev. Cavan alimdir, amma  Amerikada institut direktorudur. Orta məktəbi bitirdikdən sonra  dünya olimpiadasında iştirak edib və yüksək  yerə layiq görülüb. Moskva Dövlət Universitetini bitirib. İndi Amerika Birləşmiş Ştatlarında böyük bir  institutun direktorudur. Mən bura gəldikdən sonra adını eşitdim və əlaqə yaratdım. İki dəfə onu institutumuza dəvət etdim.  Y. Əfəndiyev həmçinin, Amerikada çox yüksək səviyyəli jurnalların baş redaktorudur. Sonra dünyada tanınan alimlərimiz sırasında  Mübariz Qarayevin də adı var. O, riyaziyyatın çox böyük sahəsi olan ədədlər nəzəriyyəsi üzrə dünyada tanınan alimlərdəndir. Rusiyanın böyük alimləri hər hansısa bir nəticə aldıqda onunla məsləhətləşir.

İnstitutumuzun 60 illik yubileyinə çox nüfuzlu alimlər gəlmişdi. Mən onlarla  bayramlarda da yazışıram. Bizim problemlərimizin biri də ondan ibarətdir ki, biz xarici ölkədə yalnız bazarlarda işləyən adamlarla ünsiyyət saxlamışıq. O adamların isə  yuxarıya çıxmaq imkanları olmayıb. Ancaq alimin səsi  istər-istəməz yuxarıdan gəlir. Məndə 400-500 yaxın xarici ölkədə yaşayan azərbaycanlı alimlərin əlaqə nömrələri var. Onlarla biz əlaqə saxlamalıyıq. Mərdi qova-qova namərd etməməliyik. Əksinə biz onları özümüzə cəlb etməliyik. Qoy onlar olduqları yerdə Azərbaycanın  xeyrinə danışsın, təbliğati iş aparsın. Biri var, bazarda satıcılıq edən Azərbaycanı təbliğ etsin, biri də var ki, alim Azərbaycanı təbliğ etsin”.

“30 illik fəaliyyətim dövründə  mediadan bir dəstək görmədim”

-Misir müəllim, bu məsələdə mətbuatın rolunu necə qiymətləndirirsiz və jurnalistlərimizə nələri tövsiyə edirsiz?

-Mətbuatın rolu da bu məsələnin işıqlandırılmasında olduqca çoxdur. Mən sizə açığını deyirəm ki,  30 illik fəaliyyətim dövründə  mediadan bir dəstək görmədim. Bunu açıq deyirəm. Belə olmasaydı, biz daha  çox şey əldə edə bilərdik. Bununla biz inkişaf edə bilmərik.

Mən bu yaxınlarda    jurnalistlər  sual verdim ki,  30 adam oturmusunuz, biriniz hər hansısa müəllimi haqqında müsbət bir oçerk yazmısınızmı? Heç kim cavab vermədi. Belə şey düzgün deyil. Bəyəm, 150 min müəllimin hamısı pisdir?! Bizim millətin bugünkü günə gəlməyində  müəllimin rolunu qiymətləndirməmək mümkün deyil .

-Biz AzEdu.az təhsil portalı olaraq Azərbaycan elmini və alimlərini təbliğ etməyə hazırıq. Bu gün bizə nə kimi tövsiyələriniz var?

-Mən onu deyərdim ki. cəmiyyətin gözü tərəzidir. Cəmiyyətin daxilində nüfuzu, hörməti olan adamlarla söhbət etmək lazımdır. Onların portretini yaratmaq çox vacibdir. Onları cəmiyyətə  televiziya, qəzet və   saytlarımız  təqdim etməlidir ki, yetişməkdə olan nəsil də onları görsün. Layiq olmayan insanları təbliğ etmək olmaz. Cəmiyyətdə hörməti olan, nüfuzu olan  adamları ortalığa çıxarmaq lazımdır.

Mən son dövrlər Təhsil Nazirliyinin  çap etdiyi “Azərbaycan Müəllimi” jurnalını  təqdir edirəm. Jurnal çox yüksək səviyyədədir. Mən işlədiyim zaman açığını deyim ki, biz onu bu səviyyədə buraxa bilmirdik. Bu illər ərzində həmin jurnal çox yüksək səviyyəyə qalxıb. Arzu edərdim ki, bu tipli jurnalların sayı çox olsun.

-Bu qədər gərgin iş rejiminin arasında mütaliəyə vaxt ayıra bilirsinizmi ?

-Əsasən internet resurslarından  yararlanıram. Bir də  lazım bildiyim qəzetləri oxuyuram. Bəzilərinə abunə olmuşam, digərlərini isə alıram. Mənim əsas işim riyaziyyatdır.

- Az öncə sadaladınız, xeyli  kitabın müəllifisiniz. Məsələn, ağlınıza belə bir fikir gəlibmi ki,  Misir Mərdanov rektor və nazir olmayıb, diqqətini yalnız elmə versəydi, o, hazırda  dünya miqyasında bir alim olardı?

-Petrovski Rusiyanın çox böyük bir alimi olub. O, 22 il  Moskva Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Stalinin rəhbərliyi dövründə  Petrovski heç zaman partiyanın üzvü olmayıb. Lakin Stalin Petrovskini çağırıb və deyib ki,  səni rektor təyin edirəm  və o,  22 il rektor vəzifəsini icra edib.

Sonralar sizin mənə verdiyiniz sualı ona da ünvanlayıblar. Ona da deyiblər ki, siz çox görkəmli alim idiniz, bəlkə elmə daha çox töhfələr verərdiz. O, da çox ağıllı bir adam olub və deyib ki, artıq geriyə qayıtmaq qeyri-mümkündü, ancaq mən hesab edirəm ki,  Moskva Dövlət Universitetinə rektorluğum dövrü mənim həyatımın millətimə xidmət etmək baxımından  ən verimli bir dövrü olub.

-Bəs siz necə hesab edirsiniz?

-İndi məndə hesab edirəm ki, müstəqilliyini təzə əldə edən,  yeni əlifbaya keçən,  hələ siyasi və iqtisadi cəhətdən stabil olmayan bir ölkənin bütün təhsilinə rəhbərlik etməyim mənim üçün qürurvericidir.

Son olaraq...

Artıq söhbətin sonuna çatırıq: Amma hələ də fikrimizdə Misir Müəllimin yuxarıda “Azərbaycan təhsil tarixi” əsəri barəsində dediyi sözlər qalıb, istər-istəməz o söhbətə yenə qayıtmalı oluruq:

 -O mənim 10 il öncəki düşüncələrim idi. Düşünürəm ki. o dörd cildliyin üzərinə azərbaycanlı ali təhsillilərdən bəhs edən  7 cildliyi də qoysam,  daha yaxşı olacaq. Gələcək nəsil görər ki,  belə bir insan olub  və o həyatını bu kitabların yaranmasına  həsr edib. Bu bir nümunə kimi  örnək olar.

 P.S. Misir müəllimin bu sözlərinə heç cür etiraz edə bilmirik: çünki kitab həqiqətən də böyük qüvvədir. Elə böyük qüvvədir ki...

Şükufə Süleymanlı

Elmin Nuri