Azedu.az

AzMİU tələbələri beynəlxalq yarışda mükafat qazandı

Ali təhsil

15 May 2026, 15:45
AzMİU tələbələri beynəlxalq yarışda mükafat qazandı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri zəlzələ mühəndisliyi sahəsində beynəlxalq uğura imza atıblar.

AzEdu.az xəbər verir ki, universitetin 6 tələbəsindən ibarət SSIM komandası Beynəlxalq 9-cu “Depreme Dayanıklı Bina Tasarımı Yarışması”nda uğurla iştirak edərək xüsusi mükafata – “Türk Reasürans Özel Ödülü”nə layiq görülüb.

Zəlzələyədavamlı konstruksiyaların layihələndirilməsi sahəsində dünyanın nüfuzlu platformalarından biri hesab olunan bu yarışma gənc mühəndislərin nəzəri biliklərini real mühəndislik sınaqları ilə yoxlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Yarış çərçivəsində komandaların hazırladıqları konstruksiya modelləri real zəlzələ şəraitini imitasiya edən güclü seysmik testlərdən keçirilir.

AzMİU-nun komandası təqdim etdiyi model maketlə üç böyük zəlzələ sınağından uğurla keçərək həm texniki dayanıqlığını, həm də layihənin mühəndislik baxımından yüksək səviyyədə hazırlandığını nümayiş etdirib.

Komandanın yarışa hazırlanması Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin (ZMETM) direktoru, Mexanika kafedrasının professoru Azər Qasımzadənin, İnşaat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Emin Nəmətlinin dəstəyi ilə həyata keçirilib. Komandaya elmi rəhbərliyi isə Mexanika kafedrasının dosenti Reyhan Əkbərli edib.

Tələbələr üçün bu yarışmada iştirak yalnız beynəlxalq müsabiqə təcrübəsi deyil, həm də gələcək peşəkar fəaliyyətləri baxımından mühüm inkişaf mərhələsi olub. Yarışma çərçivəsində iştirakçılar zəlzələ təhlükəsi şəraitində dayanıqlı konstruksiyaların layihələndirilməsi, mühəndislik analizləri, risk qiymətləndirilməsi və innovativ struktur həlləri üzrə praktiki bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar.

AzMİU-nun bu uğuru universitetdə mühəndislik təhsilinin praktik nəticələrini, tələbələrin beynəlxalq standartlara uyğun hazırlığını və zəlzələ mühəndisliyi istiqamətində formalaşmış güclü elmi məktəbi bir daha nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə memarlıq, inşaat və mühəndislik sahəsində aparıcı ali təhsil müəssisəsi olaraq tələbələrinin beynəlxalq yarışlarda, elmi platformalarda və mühəndislik layihələrində uğurlu iştirakını daim dəstəkləyir.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox