Dünən Bakı Dövlət Universitetinin 70 yaşlı professoru Hikmət Əlizadə iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib.
AzEdu.az Hikmət Əlizadə ilə əlaqə saxlayaraq səhəti ilə bağlı məlumat alıb.
O, yaxşı olduğunu və hər şeyin qaydasında olduğunu qeyd edib:
"Hazırda xəstəxanadayam, amma bir saata evə buraxılacağam. Hər şey artıq geridə qaldı. Tromb tutduğu üçün vəziyyətim birdən-birə ağırlaşmışdı. Xoşbəxtlikdən həkimə vaxtında müraciət etdik. Əks halda, vəziyyəti düzəltmək mümkün olmaya bilərdi. Diqqətinizə görə təşəkkür edirəm".
Qeyd edək ki, dünən təcili tibbi yardım avtomobilində professorun döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi tədbirlərə başlanılıb və 20-30 dəqiqə ərzində ürək masajı aparılıb. Məlumata görə, H.Əlizadə həmin müddətdə kliniki ölüm keçiribmiş.
Pasiyent dərhal angioqrafiya otağına aparılıb. Müayinə zamanı ürək damarlarında tıxanma aşkar edilib. Mərkəzi Gömrük Hospitalının invaziv kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlunun həyata keçirdiyi təcili əməliyyat uğurla başa çatıb. Nəticədə ürək damarlarının keçiriciliyi bərpa olunub.