Mayın 15-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tovuz rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.
AzEdu.az əvvəlcə nazir müavini Firudin Qurbanov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Səfər çərçivəsində nazir müavini Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbində olub. Məktəbdə yaradılmış tədris şəraiti və şagirdlərin təlim prosesi ilə tanış olan nazir müavininə təhsil müəssisəsinin fəaliyyəti, tədris göstəriciləri barədə məlumat verilib.
Daha sonra Respublika fənn olimpiadalarının və “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olan şagirdlər, eləcə də onların valideynləri ilə görüş keçirilib. Görüşdə şagirdlərin əldə etdikləri uğurların sistemli hazırlığın, müəllim əməyi və valideyn dəstəyinin birgə nəticəsi olduğu bildirilib.
Valideynlərlə söhbət zamanı uşaqların təlim-tərbiyəsində ailənin rolunun xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, şagirdlərin təhsil nəticələrinin yüksəlməsində məktəblə yanaşı, valideynlərin dəstəyi, övladlarının təhsil prosesinə diqqəti, onların motivasiyasının formalaşdırılması və düzgün istiqamətləndirilməsi mühüm rol oynayır. Eyni zamanda ailə-məktəb əməkdaşlığının gücləndirilməsinin şagirdlərin həm akademik nailiyyətlərinə, həm də şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərdiyi vurğulanıb.
Səfər çərçivəsində uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, çalışmanın yaş həddinə çatmış bir qrup müəllimlə də görüş keçirilib. Görüş zamanı vurğulanıb ki, uzunillik pedaqoji təcrübəyə malik müəllimlərin bilik və peşəkar yanaşmaları təhsil ənənələrinin qorunub saxlanılması, müəllim peşəsinin nüfuzunun artırılması və gənc müəllimlərin formalaşması baxımından mühüm rol oynayır. Qeyd edilib ki, sözügedən müəllimlərin illər ərzində qazandıqları təcrübə, məktəb idarəçiliyi, şagirdlərlə iş və pedaqoji yanaşmalarla bağlı tövsiyələri bu gün də təhsil mühiti üçün dəyərli resurs hesab olunur.
Nazir müavini həmçinin Qazax-Tovuz regionu üzrə ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüşüb. Görüş zamanı təhsildə müasir yanaşmaların tətbiqi, məktəb idarəçiliyində innovativ metodlar, müəllimlərin peşəkar inkişaf imkanları və məktəbdə sağlam təhsil mühitinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Gənc təhsil idarəçiləri və müəllimlər öz təşəbbüsləri, fəaliyyət istiqamətləri və qarşılaşdıqları çağırışlarla bağlı fikirlərini səsləndiriblər.
Səfər zamanı Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı edilən hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.