Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasının tələbələri “Kompüter arxitekturası” fənni çərçivəsində hazırladıqları innovativ layihələri təqdim ediblər.
AzEdu.az xəbər verir ki, tələbələr gündəlik həyatda rast gəlinən problemlərə süni intellekt texnologiyaları vasitəsilə həllər təklif ediblər. Onların işləri arasında ağıllı ev sistemləri, avtomatlaşdırılmış restoran konsepsiyası, robot texnologiyaları, jestlə idarəetmə və sadə oyun sistemləri kimi müxtəlif layihələr yer alıb.
Layihələrdə avtomatik qapı və qaraj idarəetməsi ilə smart ev həlləri, təhlükəsizlik, siqnalizasiya sistemləri, iş mühitinin daha rahat və məhsuldar olması üçün köməkçi qurğular, gəmilər üçün maneə aşkarlama radarı, süni intellekt əsaslı əl jestlərinin tanınması sistemi, eləcə də maneələri aşkar edən robotlar kimi ideyalar nümayiş etdirilib.
Bəzi layihələrdə kompüterlə idarəetmə, onlayn izləmə və avtomatik nəzarət kimi funksiyalar da tətbiq olunub.
Təqdimatlar tələbələrin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını real layihələrdə tətbiq etdiyini göstərib.
Qeyd olunub ki, bu cür işlər tələbələrin yaradıcılığını inkişaf etdirir və onların gələcək peşə hazırlığına mühüm töhfə verir.