Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-29 15:58:27
Akif Əlizadə: “Mir Mövsüm ağa əlini başıma çəkəndə məndə qəribə yüngüllük yarandı” - ANONS

“Biz Mir Mövsüm Ağanın evinə atamla birlikdə gedərdik.O evdə qəribə və müsbət aura var idi”.

Bu sözləri AzEdu.az-a özəl açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019), akdemik, əməkdar elm xadimi Akif Əlizadə deyib.

O, uşaqlıq illərinə qayıdaraq Mir Mövsüm ağayla bağlı xatirələrini yada salıb.

“Mir Mövsüm ağanın yanına gedəndə mənim təxminən, 10-12 yaşım olardı. O, atamın doğma dayısı idi. Mənim ata nənəm onun bacısı idi. Nənəm gənc yaşında vəfat edib. O zaman atamın 3 yaşı olardı. Biz Mir Mövsüm ağanın evinə atamla birlikdə gedərdik. O evdə qəribə və müsbət aura var idi. Mir Mövsüm Ağanın  çox maraqlı  gülməyi var idi. Bu gülmək insanı cəlb edirdi. O, əlini insanın başına çəkəndə onda qəribə bir yüngüllük yaranardı. Biz həmişə Mir Mövsüm Ağanın evinə  gedərdik.O, bizə xeyir-dua verərdi. Atam və mən Mir Mövsüm Ağa və onun qardaşı Mir Kazım Ağayla görüşər və onlarla  söhbət edərdik. Atamın vəfatından sonra biz oralara çox getmədik. Sonra Mir Mövsüm Ağa da vəfat etdi. Lakin onun evində aldığım xoş təəssürat hələdə məndə qalıb. Görünür ki, həmin evdə olan həyata  və insanlara münasibətin hamısı genetik baxımdan mənə də keçib”.

Qeyd edək ki, akademik Akif Əlizadə ilə geniş müsahibə yaxın günlərdə AzEdu.az-da yayımlanacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları