Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 09:02:17
Xarici dili hansı yaşda mükəmməl öyrənə bilərsiniz? - Elmi araşdırma

Alimlərin fikrincə, 17-18 yaş həddi xarici dili mükəmməl səviyyədə öyrənmək üçün ən münasibdir. Bu yaşdan sonra insanlarda dili qavramaq qabiliyyəti zəifləyir. Məsələn, övladınızın ingilis dilinin qrammatikasını ingilislər səviyyəsində mənimsəməsi üçün məşğələlərə 10 yaşından gec olmayaraq başlamaq lazımdır.

AzEDU.az Azərtac-a istinadən bildirir ki, "Facebook" saytında ingilis dilinin qrammatikası üzrə müxtəlif yaş qrupundan olan 670 min nəfərin iştirak etdiyi imtahanın test sualları dərc edilib.

Testin yekunları göstərib ki, imtahanda yaxşı nəticə göstərən 246 min nəfər ingilisdilli mühitdə böyüyüb və uşaqlıq illərində bu dildə danışıb. Digər tərəfdən, yetkinlik yaşından sonra da xarici dili yaxşı səviyyədə öyrənmək olar, amma onu ana dili kimi mənimsəmək çox çətindir. Alimlər bunu beynin adaptasiyası və yaşla əlaqədar uğradığı dəyişikliklə əlaqələndirirlər.

Massaçusets Texnoloji Universitetinin professoru, tədqiqatın müəlliflərindən biri olan Coş Tenenbaum deyir: "Ola bilər ki, bioloji dəyişikliklər mövcuddur. Bir sıra hallarda mədəni və sosial amillər də nəzərə alınmalıdır. Bir çox cəmiyyətlərdə uşaqlıq və gənclik dövrü 17-18 yaşadək davam edir və bu yaşdan sonra siz işləmək və ya universitetdə oxumaq üçün evi tərk edirsiniz. Bütün bu hallar insanın xarici dil öyrənmək qabiliyyətinə təsir edir".

Alimlərin fikrincə, xarici dil öyrənmək beyinə müsbət təsir edir və Altsheymer xəstəliyi riskini azaldır. York Universitetinin linqvistika fakültəsinin əməkdaşı Merilin Vixmanın sözlərinə görə, yalnız xarici dilin erkən yaşlardan öyrənilməsi bu dilin daşıyıcısı səviyyəsinə çatmağa imkan verə bilər, lakin bunun əksini sübut edən müstəsna hallar da mövcuddur. Belə ki, 20 yaşından sonra xarici dili mükəmməl öyrənən və kəşfiyyatçı olan adamlar da var.

York Universitetinin digər əməkdaşı Daniela Trenkiç isə əlavə edib ki, aparılan tədqiqat yalnız dilin qrammatik aspektlərini əhatə edir. Onun sözlərinə görə, daha gec yaşlarda xarici dil öyrənənlər yaxşı həmsöhbət kimi sərbəst dialoq apara bilər, amma cümlələrin qrammatik quruluşu heç də mükəmməl olmur.