Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 15:51:00
Tələbələrin innovasiya yarışı davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) “Action space-2018” beynəlxalq innovasiyalar yarışının növbəti mərhələsi keçirilib.

AzEDU.az xəbər verir ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov tələbələrə “Action space-2018” yarışı haqqında məlumat verib.

Prorektor bildirib ki, Fransanın “Action space” şirkəti tərəfindən keçirilən bu yarışmada əsasən kosmik sənaye, peyk rabitəsi və kosmik tədqiqatlar üzrə ideyalara önəm verilir. Bununla belə, yarışmada ideya seçiminin sərbəst olduğunu qeyd edən Sübhan Namazov qaliblərin 6 nəfərlik münsiflər heyəti tərəfindən səsvermə yolu ilə seçiləcəyini vurğulayıb.

AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov, tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov çıxışlarında layihənin önəmindən danışaraq tələbələri fəal olmağa, Fransada ölkəmizi layiqincə təmsil etməyə çağırıblar.

Daha sonra ideyaların yarışması başlayıb. Yarışmada səsləndirilən ideyalar arasında kosmik və peyk sənayesi ilə yanaşı İT, maşınqayırma və həmçinin sosial ideyalar da yer alıb. İdeyalar 5 ballıq sistemlə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər münsifin ayrılıqda verdiyi qiymət toplanaraq yekun nəticə kimi elan edilib.

Səsvermənin nəticələrinə əsasən, üç münsifdən 5 bal alan Rəbiyyə Aslanovanın “3D görüntülü danışıq” ideyası 27 balla yarışın qalibi seçilib. Eyyub Abbasquliyevin “İnformasiyanın ifrat tezlikli sürətlə ötürülməsi” ideyası isə 23 balla ikinci yeri qazanıb.

Sonda hər iki ideya müəllifi ideyalarının layihə halına salınması və prototiplərinin hazırlanması üçün digər iştirakçılar arasından öz komanda üzvlərini seçiblər.

Yarışın ölkə üzrə növbəti mərhələsi mayın 25-26-da keçiriləcək.