Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 13:30:00
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycanın Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, xalqımızın zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində yaradılan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.

AzEDU.az xəbər verir ki, tədbirdə Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Dillər Universitetinin prorektoru professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç mərkəzin yaradılmasının iki ölkə arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu, əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib. Rektor Azərbaycanın Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Bildirib ki, Azərbaycan və Serbiya xalqları oxşar mədəniyyətə sahibdir: “Bu gün tələbələrimiz Azərbaycan mədəniyyətinə yüksək maraq göstərir. Mərkəzin xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacağına əminəm. Həmçinin may ayında Azərbaycan Dilləri Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzi yaradılacaq. Bu əməkdaşlıq Azərbaycan-Serbiya əlaqələrində çox önəmli yerə malikdir”.

Sonra Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın mövcud olduğunu bildirib. Səfir bildirib ki, Azərbaycan və serb xalqlarının yaxınlaşması və dostluq əlaqələri günü-gündən inkişaf edir. Qeyd edib ki, müstəqil Azərbaycanın tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin tarixi və mədəni sərvətlərə sahib olmaqla eyni zamanda müasir dəyərləri özündə birləşdirən bir ölkədir: “Məhz bu dəyərlərin dost Serbiyada və Qərbi Balkanlarda təbliği və tanıdılması baxımından Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Belqrad Universitetində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malikdir”. Səfir mərkəzin hər iki xalqın sahib olduğu ortaq dəyərlərin və mədəniyyətin qarşılıqlı şəkildə səmərəli və məhsuldar fəaliyyət göstərəcəyinə əminliyini bildirib. Həmçinin qeyd edib ki, Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin hər iki ölkənin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcək, qarşılıqlı tələbə və təcrübə mübadiləsinin zənginləşəcək.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasiminə həsr olunmuş təbrik və təşəkkür məktubunu oxuyub. Professor mərkəzin fəaliyyəti ölkələrarası mədəni münasibətlərin daha da genişlənməsinə, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda multikulturalizm ənənələrinin, tolerantlığın təşəkkül tapması və etnik azlıqlar arasında qarşılıqlı anlaşmanın təşviq edilməsindən bəhs edib.

Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç mərkəzin məhz Belqrad Universitetində yaradılmasının sevindirici hal olduğunu, hər iki ölkə arasında elmi və akademik sahələrdə əməkdaşlıq üçün tarixi bir hadisə kimi yadda qalacağını və universitetə dəyərli bir hədiyyə olduğunu bildirib. L.Markoviç mərkəzin fəaliyyətini tələbələrin və bütün Serbiyanın Cənubi Qafqaz və Türk mədəniyyəti ilə əyani tanışlığı üçün böyük fürsət kimi dəyərləndirib.

“Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin müdiri dosent Lalə Məcidova bu layihənin həyata keçməsi üçün göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə və Azərbaycanın Serbiyadakı Səfirliyinə təşəkkürünü bildirib. O, mərkəzin fəaliyyət göstərdiyi andan etibarən serbiyalı tələbələrə Azərbaycan dili və xalqımızın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı verəcəyinə əminliyini bildirib.

Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.