https://www.zirve.edu.az/
25.04.2018 12:21
Qadın cərrahlarımız niyə azdır? – “Onların sayını artırmağa çalışmaq lazım deyil”

Dünyada son on ildə tibb universitetlərinin tələbələri arasında ürək-damar və beyin cərrahı kimi yüksək riskli ixtisaslara maraq azalıb. 

AzEdu.az xəbər verir ki, alimlər yaxın gələcəkdə kompleks ürək əməliyyatları həyata keçirəcək kardiocərrahların sayının kəskin azalacağından narahatdır.

Bu peşəyə yiyələnənlərin 90%-i isə kişilərdən ibarətdir. Qadınlar dünya cərrahhlarının sadəcə 22%-ni təşkil edirlər. Bəs onlar bu sahədə niyə yetəri qədər təmsil olunmurlar? 26-63 yaşlı 105 qadın arasında aparılan araşdırmada onların cərrahiyyəyə meylli olmamasının səbəbləri aşkarlanıb. Məlum olub ki, bu peşəyə yiyələnməkdə qadınların 29 %-nə ailə təzyiqi, 22%-nə ağır iş rejimi, 18%-nə fiziki güc mane olur. 21,9 %-i isə maraq azlığında bütün faktorların rol oynadığı düşüncəsindədir. Dünyada mövcud olan bu vəziyyət Azərbaycanda da müşahidə olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev AzEdu.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində cərrahiyyə qadın peşəsi sayılmır:

“Bunun kökündə bir neçə faktor var. Qadın cərrahların sayını artırmağa çalışmaq lazım deyil. Həm reanimatorlar, həm də cərrahlar arasında kişilər həmişə üstünlük təşkil edib. Bu da işin çox əziyyətli, fiziki güc tələb edən peşə olmasıyla əlaqədardır. Lakin Azərbaycanda çox uğurlu qadın ürək və beyin cərrahları var. Bunu inkar etmək olmaz. Amma qadın cərrahların sayının artması üçün kvota ayrılmasına mexaniki şəkildə ehtiyac yoxdur”.

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov da cərrahiyyənin olduqca çətin peşə olduğunu deyib:

“Ürək əməliyyatları ən azı 12-14 saata qədər davam edir. 14 saat bir adam başı aşağı dura bilərmi? Bunun üçün cərrahiyyə briqadaları fəaliyyət göstərir. Əvvəlcə bir neçə tibb işçisi döş qəfəsini açır, biri isə narkoz verir. Bir-iki saatdan sonra qan damarları süni ürəklə birləşdirilir. Döş cərrahiyyəsinə qadınlar dözə bilməzlər. Fiziki qabiliyyəti olmayan adam da cərrah ola bilməz. Ona görə də qadınlar döş qəfəsinin cərrahiyyəsinə nadir hallarda gedirlər. Mən qadının cərrah olmağını istəməzdim. Tələbələrə də bu peşəni seçməyi məsləhət görmürəm. Çünki qadın cərrah olmaq üçün gərək idmançı olsun. Bu danılmaz həqiqətdir. Əvvəllər açıq döş qəfəsi cərrahiyyəsində döş qəfəsini açanda problemlər yaranırdı. Xəstə nəfəs alıb-verərkən qabırğalar cərrahın əllərini deşik-deşik edirdi. Amma kəşf olunan xüsusi dərmanlar vasitəsilə somatik əzələlərin fəaliyyəti dayandırıldı. Əzələləri boşaldan dərmanlardan sonra döş qəfəsi hərəkət etmir və cərraha mane olmur”.

Qeyd edək ki, Kanadada aparılan araşdırma qadın cərrahların həyata keçirdiyi əməliyyatlarda xəstələrin ölmə riskinin 12 % daha aşağı olduğunu ortaya çıxarıb. Bunun səbəbi qadın cərrahların xəstələrə daha diqqətlə yanaşması və tibbi briqadalarla yaxşı ünsiyyət qurmaq bacarığının olmamasıdır. Qadın cərrahlar kişilərə görə daha az risk alırlar və çətinlik çəkəndə həmkarlarından yardım almaqdan utanmırlar. Araşdırma göstərir ki, qadınların cərrahiyyədə uğurlu olmalarının əsas səbəbi kişilərin eqosundan qaynaqlanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları