https://www.zirve.edu.az/
24.04.2018 09:43
Rektor yeni təyinatlardan danışdı: “Bizə püxtələşmiş mütəxəssis lazımdır”

“Prezidentin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası haqqında” sərəncamı var. Uğurla həyata keçirilir. Mikayıl Cabbarovun vaxtında da təhsildə böyük yeniliklər oldu. Bu gün də o xətt davam etdirilir”. 

Bunu AzEDU.az-a açıqlamasında millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev deyib. O, ölkə başçısının təhsil strategiyası və bu sahəyə ayırdığı diqqət, qayğıdan danışan zaman bir neçə məqama toxunub:

“10 il əvvəlki təhsili bu günlə müqayisə etsək, görərik ki, çox irəliləyiş var. Birinci növbədə təhsilin keyfiyyəti keçmiş illərə nisbətən yüksəlib. Demək olar, bütün kitabxanalarda kitablar elektronlaşdırılıb. Bir çox universitetlərimiz Avropa, Amerika, Yaponiya, Çin universitetləri ilə əlaqələr qurur”.

Eldar Quliyev təhsil sahəsində görülən işlərin məntiqi yekununu konkret olaraq rəhbərlik etdiyi ali məktəbin üzərində misallar çəkməklə əsaslandırıb:

“Kooperasiya Universiteti Türkiyənin bir neçə universiteti ilə əməkdaşlıq edir. Bir ay əvvəl Antalyada yerləşən Akdəniz Universitetində idik. Burada ən çox inkişaf edən isə turizm sahəsidir. Orda oxuyanlar təkcə Türkiyədə yox, başqa ölkələrdə də praktika keçirlər. Türkiyədə turizm çox inkişaf edib. Bizim qeyri-neft sektorunun aparıcı sahələrindən biri də turizmdir. Prezident turizmi mədəniyyətdən ayırıb başqa qurum etdi. Bu sahə inkişaf edəcək. Bizdə də bu fakültə açılıb. Böyük və gəlirli sahədir. Azərbaycanda da bunun üçün böyük imkanlar var”.

E.Quliyev Nazirlər Kabinetinə yeni təyinatları da şərh edib:

“Sonuncu təyinatlara baxsaq görərik ki, nə qədər gənc vəzifəyə təyin edilib. Daha çox xarici ölkələrlə əlaqələrə diqqət etmək lazmdır. Tələbə, müəllim mübadiləsi  lazımdır. Gənclərin bir neçə sahə üzrə biliyi olmalıdır. Məsələn, iqtisadiyyatçıdırsa, əsas bu sahəni dərindən bilməli, bundan başqa isə maliyyə, riyaziyyat, sosial məsələləri də bilməlidir. Bu gün püxtələşmiş mütəxəssis bizə lazımdır. İndi informasiya dövrüdür və hər bir insan müxtəlif sahələri bilməlidir”.