Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 17:22:39
Bakıda müasir peşə təhsil kompleksi yaradılacaq

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya modeli tətbiq ediləcək.

Koreya Respublikasının mütəxəssislərinin iştirakı ilə Bakıda müasir standartlara uyğun təhsil müəssisəsi – Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi yaradılacaq. Yeni mərkəz tamamilə Koreya təhsil standartları əsasında qurulacaq. Azərbaycan və Koreya hökumətləri arasında əldə edilən razılaşmaya uyğun olaraq bu peşə təhsil müəssisəsi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq. Nümunəvi təhsil müəssisəsi olan Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaq. Layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir maddi-texniki bazaya sahib olacaq.

Müasir peşə təhsil kompleksi 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlının sözlərinə görə, Koreya hökuməti ilə birgə həyata keçirilən layihəyə artıq start verilib: “Müqavilə bağlandıqdan sonra tikinti başlayıb. Binəqədi rayonunda 6 nömrəli peşə liseyinin yerində yeni Peşə Mərkəzi yaradılır. İnfrastruktur tamamilə yenidən qurulur. Tikinti başa çatdıqdan sonra Mərkəzdə qurulacaq avadanlıqlar da Koreyadan gətiriləcək. Bütün proses koreyalı mütəxəssislərin birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçiriləcək. Peşə Təhsil Mərkəzində tam yeni formatda, müasir standartlara uyğun tədrisin həyata keçirilməsi nəzərdə tutulub”.

Layihə meneceri, professor Ho Yo deyir ki, tikinti Koreyanın inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan krediti əsasında həyata keçirilir. Azərbaycanda bu layihənin gerçəkləşməsi üçün müəyyən vəsait ayrılıb. 6430 kvadratmetr ərazidə tamamilə yeni binanın tikintisinə başlanılıb. 4232 kvadratmetr ərazidə mövcud olan bina isə tam müasir standartlara uyğun təmir ediləcək. 18 ay çəkən bu işin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi böyük bir kompleks olacaq. Burada 2 əsas korpus, 2 emalatxana binası və 2 tələbə yataqxanası tikiləcək. Tikinti və təchizatın 2019-cu ilin iyun ayında başa çatacağı nəzərdə tutulub.

Koreya Təhsil Proqramı Azərbaycanda mövcud inkişaf səviyyəsinə uyğunlaşdırılacaq

Peşə Təhsil Mərkəzində tədris 2019-2020-ci təhsil ilindən başlayacaq. Tədris olunacaq proqramdan tutmuş dərs deyəcək müəllimə qədər hər məqam düşünülüb. Kurikulumlar üzrə müəllimlərin təkmilləşdirilməsi və dərsliklərin təkmilləşdirilməsi üzrə işçi qrupun rəhbəri professor Pan Donq Çanqın fikrincə, peşə təhsilində 3 əsas şərt var və bunlar mütləq ödənməlidir: avadanlıq, dərslik, müəllim.

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə yanaşı, bu 3 şərtin ödənməsi üçün artıq işə başlanılıb.

Avadanlıq

Belə ki, bir yandan bina tikilir, digər yandan da kompleksin fəaliyyəti üçün önəmli olan bu 3 amilin təmin edilməsi istiqamətində fəaliyyət həyata keçirilir. Artıq qeyd etdiyimiz kimi, kompleksdə 2 emalatxana qurulacaq. Emalatxanalar üçün Koreyadan 802 növ 4202 ədəd avadanlıq gətiriləcək. İşçi Qrupun üzvü professor Pan Vuk Kim deyir ki, Peşə Təhsil Mərkəzində tədrisi nəzərdə tutulan 8 ixtisas üzrə ilkin araşdırma aparırlar. Burada ayrı-ayrı peşələrə dair nəzəri biliklərin verilməsi nəzərdə tutulsa da, təcrübəyə daha çox üstünlük veriləcək: “Azərbaycanda əvvəlki peşə təhsilində nəzəri biliklər əsas təşkil edən sistem tətbiq edilirdi. Hesab edirik ki, bu sistemdə tələbə vaxtının çoxunu emalatxanada deyil, auditoriyada keçirirdi.

Bu zaman nəticələr uğursuz alınır. Koreyada tətbiq edilən sistemdə isə təcrübəyə daha çox üstünlük verilir. Biz Azərbaycanda bu sistemi tətbiq edəcəyik”.

Belə görünür ki, məzunlar ixtisasına aid bütün bacarıqlara məhz Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarında yiyələnəcəklər.

Təhsil İnstitutunun baş mütəxəssisi Nicat Hüseynov bildirib ki, tələbələr Peşə Təhsil Mərkəzinin emalatxanaları ilə yanaşı, müəssisələrdə də təcrübə qazana biləcəklər: “Bu günlərdə 8-ə yaxın müəssisədə görüşlər keçiriləcək. Ümumiyyətlə, hər ixtisas üzrə 3 müəssisə ilə görüş nəzərdə tutulub. Həmin müəssisələr Peşə Agentliyinin əməkdaşlıq etdiyi şirkətlər arasından seçiləcək”.

Təhsil proqramı və dərslik

Beləliklə, Bakıda 8 ixtisas üzrə Koreya standartlarına uyğun mütəxəssis yetişdiriləcək. Təhsilin məzmununu  koreyalı mütəxəssislər hazırlayacaq. Artıq bu istiqamətdə də işlərə başlanılıb. Koreyadan gələn İşçi Qrupun tərkibində yer alan mütəxəssislər nəzərdə tutulan ixtisaslar üzrə təhsil proqramlarını hazırlaya bilmək üçün araşdırmalara başlayıblar. Onlar ölkəmizdə tətbiq edilməkdə olan və Koreya təhsil proqramları arasında fərqləri, iki təhsil sistemi arasında uyğunsuzluğu nəzərə almaqla Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi nəzərdə tutulan proqramı hazırlayacaqlar. Professor Kimin fikrincə, Azərbaycanda tətbiq ediləcək proqram ölkədə sənaye və texniki tərəqqi nəzərə alınmaqla hazırlanmalıdır: “Koreyada tətbiq edilən proqramın olduğu kimi tətbiqi uğursuz nəticələnə bilər. Azərbaycandan əvvəl kurikulum təkmilləşdirmə təcrübəsini yaşamışıq və Koreya təcrübəsinin olduğu kimi tətbiqi ciddi çətinliklərlə müşayiət olunub. Odur ki, proqramın Azərbaycanda mövcud olanla ciddi ziddiyyət təşkil etməməsi üçün tətbiq ediləcək tədris metodologiyası azərbaycanlı müəllimlərlə də müzakirə olunacaq”.

Təhsil İnstitutunun mütəxəssisi N.Hüseynov vurğulayıb ki, kurikulumla bağlı hər ixtisas üzrə 3 mütəxəssis Azərbaycandan, bir mütəxəssis isə koreyalı olacaq. Onlar ehtiyacları öyrənəcək, tədris materiallarını araşdıracaq, fikir mübadiləsi aparacaqlar.

Bu araşdırma və təhlillərin nəticəsi olaraq Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi nəzərdə tutulan proqram üzrə koreyalı mütəxəssislər tərəfindən dərs vəsaitləri də hazırlanacaq. Mərkəzin tələbələrinin qiymətləndirilməsi də Koreya standartları əsasında həyata keçiriləcək.

3 əsas şərtdən biri – müəllim

Koreyalılar düşünür ki, Peşə Təhsil Mərkəzində ortaya çıxa biləcək hər cür çətinliyi aradan qaldıracaq şəxslər məhz yerli müəllimlərdir. Ona görə də azərbaycanlı müəllimlərin hazırlığı, avadanlıqlarla işləməsi mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyəti nəzərə alaraq, əvvəlcə onlar təcrübə keçmək üçün Koreyaya göndəriləcək, daha sonra Bakıda koreyalı mütəxəssislərin nəzarəti altında işləyəcək. 3 ay Koreyada treninq keçən müəllimlər həmin avadanlıqlarla işləməyi bacaracaq, yeni təhsil proqramını öyrənəcəklər.

Koreyaya hər ixtisas üzrə 3 müəllim göndəriləcək. Həmin 24 müəllim Koreyada öyrəndiklərini növbəti mərhələdə hər ixtisas üzrə əlavə olaraq seçilən 2 müəllimə öyrədəcək.

2 ilə ixtisaslı kadr

Dövlət Peşə Təhsil Mərkəzində yaş məhdudiyyəti olmayacaq. İstər 9 illik, istər tam orta təhsil bazasından, istərsə də ali məktəb bitirənlər, hətta  məktəb partasından uzun illər öncə ayrılanlar belə, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi ola bilər.

Hər ixtisas üzrə təhsil müddəti 2 il nəzərdə tutulub. Ancaq sürətləndirilmiş proqram əsasında 1 illik təhsil müddəti də nəzərdən keçirilir. Koreyalı mütəxəssislərin fikrincə, avtomatlaşdırma, elektronika kimi ixtisaslar üzrə 1 illik sürətləndirilmiş təhsil proqramı ilə təhsil vermək mümkündür. Ümumiyyətlə, tam orta təhsil bazasından bu ixtisaslara qəbul olunanlara 1 il müddətində təhsil verilə bilər.

Müasir peşə məktəbi Azərbaycan iqtisadiyyatına nə verəcək?

Layihə meneceri Edvard Çonun fikrincə, iqtisadiyyatın inkişafı üçün peşə təhsil müəssisələrinin yaradılmasının əhəmiyyəti çox böyükdür.  Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlər istifadəyə verilməlidir: “Koreyanın əldə etdiyi iqtisadi inkişafda peşə təhsilinin payı çox böyükdür. Məqsədimiz Koreyanın inkişafında çox böyük rolu olan peşə təhsili təcrübəsini Azərbaycana da gətirmək, peşə təhsilində funksional inkişafın Koreya modelini burada tətbiq etməkdir”.