“Televiziya kanallarımızda əsaslı islahatlara ehtiyac var. Mətbuatımız isə ürəkaçan vəziyyətdə deyil. Çünki beş xəbərdən dördü şou aləminə aiddir”
Bu sözləri AzEdu.az-a müsahibəsində Fərid Abuşzadə deyir.
AzEdu.az “Univermayak” layihəsini davam etdirir.
Layihə çərçivəsində növbəti qonağımız İtaliyanın “Ca Foscari” Universitetinin magistratura dərəcəsində təhsil alan həmyerlimiz Fərid Abuşzadədir.
Fərid Abuşzadəni daha yaxından tanıyaq:
Öz dilinden DOSYE: Mən, 5 iyul 1996-cı ildə Ağcabədi şəhərində ziyalı ailəsində anadan olmuşam. 2003-2014-cü illərdə Ağcabədi şəhər Camal İbrahimov adına 8 saylı tam orta məktəbdə oxumuşam. Orta məktəb illərində Respublika fənn olimpiadalarında I, II,III yerlərə sahib olmuşam. Rayondaxili “Xəmsə” turnirinin, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bilik kuboklarında müxtəlif illərdə I, II və III yerlərə layiq görülmüşəm. “Cəsurlar" hərbi idman yarışlarında 2 il ardıcıl olaraq Ağcabədi rayon birinciliyini əldə etmişəm. Həmçinin, “Cəsurlar" hərbi idman yarışlarında region birincisi və ölkə finalçısı olmuşam.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasının bakalavr dərəcəsinə qəbul oldum. Universitetdaxili debat turnirlərinin qalibi olmuşam. Həmçinin, bir neçə dəfə ən yaxşı 10 natiq arasında yer almışam.
ARPDİA -da təhsil aldığım müddətdə hər fəndən “A” qiyməti alaraq, 2018-ci ildə fərqlənmə diplomu ilə ali məktəbi bitirmişəm.
Daha sonra İtaliyanın Sapienza və “Ca Foscari” Universitetlərinə magistr dərəcəsi ilə bağlı müraciət edib, 5 müxtəlif ixtisasa qəbul oldum. Amma son olaraq seçimim “Ca Foscari” Universiteti oldu. Çünki “Ca Foscari” Universitetinin beynəlxalq tələbələr arasında "Top 100 perspective students" adlı kompaniyasi diqqətimi çəkmişdi. Hazırda isə akademik təqaüdlə təhsilimi “Ca Foscari” Universitetinin , “Finance” (Maliyyə) ixtisasında davam etdirirəm.
Təqdimata ƏLAVƏ: Fərid Abuşzadə 2015-ci ildə Bakı Gənclər Debat Forumnda universitetlərarası yarışmada II yerə layiq görülüb. O, 2016-ci ildə Respublika Gənclər Debat Forumunda Bakını təmsil edərək qalib olub. Fərid 2015-2017-ci illərdə Ağcabədi komandasının üzvü kimi “Brain Ring” intellektual yarışmasında iştirak edib. 2016-cı ildə “Mən Azərbaycanlıyam” intellektual verilişinin 6-cı mövsümünün qalibi olub.
-Fərid, ilk növbədə xaricdə təhsil almağının səbəblərindən danışaq…
-Orta məktəbdə oxuduğum zamanlarda xaricdə təhsil almağa marağım var idi. Xüsusilə də bu qəbildən olan gənclərin ölkəmizdə daha yaxşı qarşılanması məndə xaricdə təhsilə maraq oyatmışdı. Universitetə daxil olduqdan sonra xaricdə təhsil məsələləri ilə daha ciddi maraqlanıb, ən sonda yekun qərar verdim: istər təhsil, istər mədəniyyət, istərsə də karyera cəhətdən Avropa praktikasını öyrənmək daha faydalıdır.
- İtaliyada olduğun ilk dönəmdə ora ilə Azərbaycan təhsili arasında hansı fərqləri müşahidə etdin?
-İtaliya və Azərbaycan təhsili arasında fərqlər çoxdur. Azərbaycanda təhsil daha çox nəzəri biliklərə əsaslanır. İstər orta məktəb, istərsə də universitetdə nəzəriyyəyə daha çox yer verilir. Nəzəriyyələrin dəyişən dövrümüzə uyğun yenilənməməsi isə ən məyusedici haldır. Şagirdlərin müəllimlərlə virtual əlaqəsi demək olar ki, yox vəziyyətindədir. Universitetlərdə tələbələrin dərsi mənimsəməsindən daha çox dərslərdə iştirakı üstün tutulur. Ali təhsil müəssisələrində Boloniya sistemi tətbiq olunsa da, tələbələrin dərslərdə iştirakı məcburidir. Universitet və orta məktəblərin kitabxana şəraiti tam standartlara cavab vermir.
Avropa universitetlərində isə əksinə, nəzəriyyədən daha çox praktikaya üstünlük verilir. Təbii ki, nəzəriyyəsiz praktika da mümkünsüzdür. Amma nəzəriyyə və praktikanın vəhdəti möhtəşəmdir. İtaliyada tələbələr müəllimlərlə istənilən vaxt, bayram günlərində belə virtual əlaqə yarada bilirlər. Həmçinin, burada dərsdənkənar ofis saatları da var. Tələbələr bu saatlarda müəllimlərdən istədikləri qədər kömək ala bilirlər. İtaliya universitetlərində dərslərdə iştirak məcburi deyil, çünki bütün lazımi məlumatları elektron portala yerləşdirilir. Həmçinin, tələbələr dərsdə iştirak etmədən də keçirilən mövzuları izahları sonradan mənimsəyə bilirlər.
Ölkəmizdəki təhsil sisteminin müsbət cəhətləri də var: Universitetlərimizdə imtahana qədər toplanan ballar, tələbənin yükünü azaldır. Çünki tələbələr imtahan müddətinə qədər müəyyən bal topladıqları üçün daha rahat olurlar.
“İtaliya ümidlərimi doğrultmadı”
-Fərid, İtaliya səndə nələri dəyişdi? Bu ölkənin hansı qəribəlikləri haqqında bəhs edə bilərsən?
-İtaliya haqqında olan fikirlərim kaş ki, bura gəlmədən öncə necə idisə elə də qalardı… Amma təəssüf… İtaliya ümidlərimi doğrultmadı. Çünki istər insanları, mədəniyyəti, istərsə də ümumi görünüşü ilə arzuladığım ölkə olmadı. Bəlkə də yanılıram, çünki İtaliyanın bütün şəhərlərini gəzməmişəm. Burada həddindən artıq miqrant var ki, yerli əhalidə onlara qarşı xüsusi kin oyadıb. İtaliya sanki milli mədəniyyətin aşınmasına məruz qalıb.
“İtaliyada oğurluq halları kifayət qədərdir”
-Daha çox hansı səbəblərə görə İtaliyaya qarşı fikrin dəyişdi?
-İtalyanlar əcnəbi vətəndaşlara soyuq münasibət bəsləyirlər. İtalyan tələbələr bir-birlərinə daim yardım etsələr də əcnəbilərə laqeyd yanaşırlar. İtaliyada kifayət qədər oğurluq halları baş verir. Ölkənin təhlükəsizlik sistemi oğurluq hallarının qarşısında acizdir. Burada market və ofislər günün çox az saatlarında fəaliyyət göstərir. Onu da bildirim ki, İtaliyanın dövlət orqanlarında süründürməçilik də mövcuddur.
Ölkəyə gəldiyim ilk vaxtlarda universitetin təhsil sistemini tam bilmədiyim üçün hazırlıqsız idim. Dərsdə iştirak etdiyim müddətdə müəllimin yazdıqlarını telefonla çəkirdim. İlk iki müəllim yazılanları telefonla çəkilişə şərait yaratsa da, digərləri buna icazə vermədi. Dedilər ki, materialların onsuz da hər biri elektron portala yüklənəcək. Amma bəzi nümunələri dəftərə qeyd etmək lazımdır. Həmin an digər partada əyləşən italyan tələbə yoldaşım mənə qələm və kağız təklif etdi. Amma dərsin sonuna az qaldığı üçün təşəkkür edərək qəbul etmədim. Düşündüm ki, dərs sonunda həmin şəxsdən xahiş edərək keçirilən mövzunun şəklini dəftərindən çəkərəm. Dərsin sonunda ona yaxınlaşıb xahiş etdim ki, yazdıqlarının fotosunu telefonla çəkim. Amma mənə verdiyi cavab isə belə oldu: - "Xeyr olmaz! Qələm-kağız təklif edəndə zəhmət çəkib, yazardın".
“Ca Foscari” Universitetində oxuduğum ilk gündən Azərbaycandakı tələbə yoldaşlarım üçün çox darıxırdım.
-Orta məktəbdə oxuduğun dönəmlərdə müxtəlif olimpiadalarda iştirak edərək qalib olmusan. Bəziləri düşünür ki, olimpiada qalibi olmaq şagirdin bacarığından çox, müəllimlərin keyfiyyətindən asılıdır. Səncə, də belədir?
-Kifayət qədər müzakirəli mövzudur. Düşünürəm ki, olimpiada qalibi olmaq 50 % şagird, 25% müəllim, 25% isə ailə və ətraf mühitdən asılıdır. Hər şeyi şagirdin və ya müəllimin üzərinə atmaq doğru deyil. Şagird oxumasa, müəllim onu alim edə bilməz. Amma müəllim öyrətməsə şagird alim ola bilər. Müəllim şagirdlərə daha asan yolu öyrətməklə onların işini asanlaşdırır. Olimpiada qalib olmaq üçün hər hansı düsturları və ya teoremləri bilmək kifayət deyil. Düstur və ya teoremlərin haradan qaynaqlandığını başa düşərək mənimsəmək lazımdır. Yapon atalar sözlərində deyildiyi kimi: "Mənə balıq vermə, onu tutmağı öyrət"
-Fərid, Azərbaycanın beynəlxalq səviyyədəki təhsil uğurlarını necə dəyərləndirirsən?
-Fikrimcə, qənaətbəxşdən səviyyəsindən azacıq şaha yaxşı vəziyyətdədir. Xaricdə təhsil alan kifayət qədər savadlı gənclərimiz mövcuddur. Dünyanın istənilən yüksək reytinqli top universitetlərində azərbaycanlı tələbələr təhsil alır. Məhz bu da dövlətimizin uğurlu diplomatik əlaqələrinin xüsusi rol oynamağının nəticəsidir. Sadəcə, qeyd etdiyim mənfi cəhətlərdə azacıq düzəlişlər olsa, beynəlxalq arenada təhsil uğurumuz kifayət qədər inkişaf edər.
-İtaliyada universitet rektorları bizdəkilərdən nə ilə fərqlənirlər? Bizdə çoxları rektorun əlçatan olmamasından gileylənir...
-Hər kəs oxuduğu yerdən asılı olaraq, müəyyən fərqlərin şahidi ola bilər. Yəni, bizdə də bütün rektorlar eyni hesab etmək olmaz. Mənə qaldıqda isə nə təhsilimin bakalavr, nə də magistr dərəcəsində rektorlarla problemim olmayıb. Amma ARPDİA-nın rektoru Urxan Ələkbərov haqqında çox müsbət fikirdəyəm. Çünki bəzi dostlarımın problemlərində şəxsən maraqlanaraq yardım edib. Urxan Ələkbərov tələbələrə önəm verən rektordur. Digər rektorlar haqqında isə heç bir fikir səsləndirə bilmərəm.
-Doğrudur ki, bir gəncin savadlı kadr kimi yetişməsində irsi faktorun rolu var?
-Bəli, müəyyən qədər irsi faktorun rolu var. Amma bir gəncin savadlı kadr kimi yetişməsində bunun çox da böyük önəmi yoxdur. Çünki gündəlik həyatımızda o rolun əhəmiyyətli olmadığının canlı sübutunu görürük. Kasıb, təhsilsiz ailədən çıxmış kifayət qədər savadlı kadrlarımız mövcuddur.
- Bizim televiziya kanalları və ya mətbuatımızda təhsilimizin inkişafı uğrunda edilən təbliğat səni nə dərəcədə qane edir?
-Artıq uzun müddətdir ki, televiziya kanallarını izləmirəm. Amma Azərbaycanda olduğum müddətdə intellektual yarışları və vətənpərvərlik mövzusunda olan verilişləri izləyirdim. Ümumiyyətlə, televiziya kanallarımızda əsaslı dərəcədə islahatlara ehtiyac var. Azərbaycan mətbuatını isə daimi izləyirəm. Televiziyalarımızda maarifləndirici verilişlər azlıq təşkil edir. Məhz bu da gənclərin daha yaxşı maariflənməsi prosesini ləngidir. Mətbuatımız isə ürəkaçan vəziyyətdə deyil. Çünki beş xəbərdən dördü şou aləminə aiddir. Təhsil sahəsində edilən təbliğatlar zamanla irəliləyişə nail olur. Amma düşünürəm ki, təhsil sahəsində olan təbliğatı sürətləndirmək lazımdır. Çünki bu sahədə inkişaf pilləkənlərini addımladığımız halda, digər ölkələr isə robot, səmavi nəqliyyatlarla dünya arenasına çıxır.
- “Ca Foscari” Universitetinə qəbul prosesindən danışaq…
-“Ca Foscari” Universitetinə qəbul proses onlayn şəkildə həyata keçirilir. Onlayn müraciət zamanı tələbələrdən lazımi sənədlər tələb olunur. Qəbul üçün isə bakalavr diplomu, xarici dil sertifikatı, tövsiyə və motivasiya məktubu lazımdır.
-Maraqlıdır, İtaliyada hansı ölkənin nümayəndələrinə yerli əhalinin münasibət daha doğmadır?
-İtalyanları monotonluğu sevən xalq kimi tanıdım. Onlar öz xalqlarını çox sevirlər.
-İtalyan və azərbaycanlı gənclərin intellektual bacarıqlarını müqayisə etmisənmi?
- Onların intellektual bacarıqları daha üstündür.
-İtaliya universitetlərində rüşvət hallarına rast gəlinirmi?
- Təhsil aldığım “Ca Foscari” Universitetində rüşvət hallarına rast gəlməmişəm. Amma digərləri haqqında dəqiq məlumatım yoxdur
-Fərid, İtaliyada insanların, xüsusən də tələbələrin sosial durumu necədir? Orada insanların orta aylıq maaşı və ya tələbə təqaüdləri nə qədərdir?
-İtaliyada yerli əhalinin yaşayış səviyyəsi çox yüksəkdir. Burada insanların aylıq maaşı 2000 avrodan çoxdur. Universitetlərdə tələbələrə verilən illik təqaüd isə 5100 avrodur.
İtaliyada tələbələrin aylıq xərcləri yaşadıqları şəhərdən asılıdır. Venesiyada yaşadığım üçün aylıq xərcim 600 avrodur. Amma digər şəhərlərdə bu, daha azdır. Tələbələr əsasən restoranlarda işləyərək aylıq xərclərinin müəyyən hissəsini qarşılayırlar. Amma İtaliyanın böyük şəhərlərində yaşayanların daha yaxşı iş tapmaq imkanları olur.
-Bir az da gələcək planlarıdan danışaq: qarşına qoyduğun hədəf və məqsədlərin nələrdir?
-Orada yığdığım təcrübəni ölkəmizdə tətbiq etmək istəyirəm. Həmçinin, vətənimə, ailəmə layiqli vətəndaş olmağı hədəfləmişəm.
-Fərid, bu qədər təhsilin müqabilində istədiyin işi tapa bilmədikdə nə edəcəksən?
-Həyat fəlsəfəm budur ki, əgər qarşına hər hansı şans çıxmırsa, onu özün yaratmalısan. Düşünürəm ki, ölkəmizdə kifayət qədər yaxşı iş yerləri var. Bəlkə mənimlə razılaşmayanlar olacaq. Amma ölkəmizdə kifayət qədər savadlı kadr kasadlığı var.
-İtaliyada təhsil almağı gənclərimizə məsləhət görürsənmi?
-İtaliyada təhsil almağı hər kəsə tövsiyə edirəm.
-Son olaraq əlavə etmək istədiklərin...
-Gənclərimizi maariflənməyə, həm özlərinə, həm də ailələrinə, vətənimizə layiqli olmağa çağırıram. Müharibə şəraitində yaşayan ölkəyik. Harada yaşamağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq ölkəmiz və mentalitetimizi layiqli səviyyədə təmsil etməliyik.
kitabı