https://www.zirve.edu.az/
05.04.2018 12:31
Türkiyədə təhsilsiz Azərbaycan uşaqları: İşə dövlət qarışmasa...

Türkiyədə yaşamaq icazəsi almayan vətəndaşların uşaqlarının təhsil məsələsi dövlət səviyyəsində həll edilməlidir.

AzEdu.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.

Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə iş dalınca gedən vətəndaşların uşaqlarının təhsil problemi həllini tapmır:
“Bizim birlik Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvüdür. Bu məsələ ilə bağlı 3 il bundan qabaq Türkiyədə məsələ qaldırdım. İttifaqın sədri tərəfindən Türkiyə Təhsil Nazirliyinə müraciət edildi. Cavabda bildirildi ki, Türkiyədə yaşamaq icazəsi almayan insanların məktəb yaşlı uşaqları varsa, onların oxumaq problemi yoxdur. Yaxınlıqdakı hər hansı məktəbə müraciət etsinlər, onları məktəbə qəbul edərlər”.

Təhsil eksperti bildirib ki, İstanbula işləməyə gəlmiş valideynlərin uşaqları üçün məktəb açılıb:
“Bu, Türkiyə və Azərbaycan hökumətinin açdığı məktəb deyil. İstanbulun Bayrampaşa məhəlləsində yaşayan bir azərbaycanlı qadın “Maarifçilik uğrunda qadınlar” cəmiyyəti yaradıb. Həmin təşkilatın təşəbbüsü ibitdai məktəb açılıb.

Orada 120-yə yaxın şagird təhsil alır. Təsəvvür edin ki, 10-12 yaşlı uşaqlar əlifba öyrənilər. Onlar şəhərə çıxanda bir sözü oxuya bilmirlər. Vəziyyət bu cür acınacaqlıdır. Təşkilatın öz gücünə, valideynlərin köməyi ilə uşaqlara dərs keçilir”.

Məlahət Mürşüdlü qeyd edib ki, məsələdə Türkiyə dövlətinin günahı yoxdur:
“Onların ölkə olaraq daxili qanunları var. Kiminsə uşağı məktəbə qəbul edilmirsə, demək, qanuna əsaslanırlar. Bu məsələ Azərbaycan dövləti tərəfindən həll edilməlidir. Türkiyədə azərbaycanlı uşaqlar savadsız böyüyürlər. Təhsil Nazirliyi məsələ ilə maraqlanmalıdır. Böyük sayda uşaqların təhsildən kənarda qalmasının qarşısı alınmalıdır”.

Qeyd edək ki, yazıçı Elçin Aslangil Türkiyədə 1000-dən çox azərbaycanlı uşağın təhsilsiz olması haqda saytımızda köşə yazısıyla çıxış edib.