Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 13:23:00
Esse, inşa və ifadə materialları hansı meyarlar üzrə qiymətləndiriləcək? - RƏSMİ  

Yeni qaydalara əsasən, kiçik və böyük summativ qiymətləndirmələr üçün hazırlanan testlərin səviyyələr üzrə qruplaşdırılması və hər səviyyə üzrə fərqli balların verilməsi təsbit olunub.

X sinif Azərbaycan dili dərsliyində  inşa və esse bacarıqlarını yoxlayan kiçik summativ qiymətləndirmələr var. Bəs,summativ esse, inşa-ifadə materiallarından ibarətdirsə, ballar səviyyələr üzrə nec hesablanacaq?

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev “Həftənin sualı” proqramında yeni qiymətləndirmə qaydaları ilə bağlı izləyicilərin suallarını cavablayarkən, bu məsələyə də aydınlıq gətirib.O bildirib ki, növbəti ilin sentyabrınadək Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanacaq. Orada inşa, esse, ifadə yazılarının, eləcə də digər fərqli tapşırıq növlərinin qiymətləndirilməsi üzrə meyarlar  göstəriləcək:

“İnşa yazılarının qiymətləndirilməsi ilə bağlı məktəblərə tövsiyə xarakterli qiymətləndirmə meyarları da göndərilir. Hazırda bu, həmin kitabın metodik tövsiyəsində müəyyən mənada öz əksini tapıb. Amma nümunələrlə daha ətraflı material hazırlanıb göndəriləcək.

Təbii ki, essenin qiymətləndirilməsi ilə bağlı müəyyən meyarlar var. Məsələn, dil qaydalarına əməl etmə, məzmun, essenin verilmiş mövzuya uyğunluğu, sturukturu və s. Qiymətləndirmə həmin meyarlara uyğun, səviyyələr üzrə aparılmalıdır. Metodik tövsiyədə hər standartın səviyyələri öz əksini tapıb. Bununla bağlı aşağı siniflərdə qiymətləndirmə standartları da hazırlanıb. Müəllimlər onunla tanış ola bilərlər”.

Qeyd edək ki, yeni qaydalara əsasən, summativ qiymətləndirmələrdə müxtəlif növ tapşırıqlardan istifadə oluna bilər. I siniflərdə summativ qiymətləndirmələr ləğv olunub. Kiçik summativ qiymətləndirmələr II sinifdən başlayaraq bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla aparılır. Böyük summativ qiymətləndirmə isə IV sinifdən etibarən keçirilir. O, IV, IX və XI siniflərdə bütün fənlər, V, VII, VIII, X siniflərdə isə yalnız buraxılış imtahanında keçiriləcək fənlər üzrə aparılacaq. Bu, yalnız təmayülləşmə tətbiq olunmayan orta məktəblərə aid edilir. Təmayül lisey və məktəblərdə isə pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə summativ keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları