Azedu.az

Daşkənddə TARİXİ SƏNƏD imzalandı

Hadisə

23 Avqust 2026, 18:29
Daşkənddə TARİXİ SƏNƏD imzalandı

Xəbər verdiyimiz kimi avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb.

Müqavilədə tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlığa dair öhdəlik götürürlər:

Maddə 1

Tərəflər beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanırlar.

Maddə 2

Tərəflər onların milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər, köklü maraqlarına toxunan əsas məsələlər üzrə bir-birinin mövqelərini dəstəkləyirlər.

Tərəflər digər Tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etmirlər, həmçinin digər Tərəfə qarşı yönəlmiş hər hansı hərəkətlərdə iştirak etməyəcəklər.

Tərəflər öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər Tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə yol vermirlər.

Tərəflər öz ərazilərində digər Tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol vermirlər.

Maddə 3

Tərəflər hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə kömək edəcəklər, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcəklər və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcəklər.

Tərəflər çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının əsas əlaqələndirici və stimullaşdırıcı rolundan səmərəli istifadə edəcəklər və bu mexanizm çərçivəsində fəal qarşılıqlı fəaliyyəti davam etdirməyə razılığa gəldilər.

Tərəflər iki dövlət başçıları tərəfindən əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi və ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi üçün Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının xarici işlər nazirlikləri xətti ilə daimi məsləhətləşmələr mexanizmindən səmərəli istifadə edəcəklər.

Maddə 4

Tərəflər bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, sənaye kooperasiyasını dərinləşdirir, o cümlədən energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, "yaşıl" və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar sahələrində, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərirlər.

Tərəflər yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri hüquqi, iqtisadi və təşkilati şərait yaradırlar.

Maddə 5

Tərəflər iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yakınlığının qorunub saxlanmasına hərtərəfli köməklik göstərirlər, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər.

Tərəflər öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə, birgə layihələrin həyata keçirilməsinə, tədris-metodik materialların hazırlanması sahəsində təcrübə mübadiləsinə, habelə təhsil sahəsində müasir təhsil texnologiyalarının tətbiqinə və innovativ layihələrin həyata keçirilməsinə şərait yaradırlar.

Tərəflər regionlararası əməkdaşlığın inkişafını dəstəkləyirlər, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər.

Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının turizm potensialının irəlilədilməsi və turizm məhsullarının tanınmasının artırılması üzrə, o cümlədən irimiqyaslı beynəlxalq turizm sərgilərində iştirak, turizm sənayesi nümayəndələri və kütləvi informasiya vasitələri üçün tanışlıq turlarının təşkili, habelə hər iki ölkənin turoperatorları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi vasitəsilə əməkdaşlığı təşviq edirlər.

Maddə 6

Tərəflər siyasi məsləhətləşmələrin keçirilməsinə böyük əhəmiyyət verirlər, qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər üzrə mövqələrin müntəzəm mübadiləsi və əlaqələndirilməsi üçün ali və yüksək səviyyəli səfərlər daxil olmaqla, bütün səviyyələrdə görüşlər mexanizmindən istifadə edirlər.

Maddə 7

Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiq edirlər.

Maddə 8

Bu Müqavilə üçüncü dövlətlərə qarşı yönəlməmişdir və Tərəflərin tərəf olduqları digər ikitərəfli və çox tərəfli beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarına və öhdəliklərinə toxunmur.

Maddə 9

Tərəflərin qarşılıqlı razılığı ilə bu Müqaviləyə onun ayrılmaz tərkib hissəsi olan və bu Müqavilənin 11-ci maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən düzəlişlər və əlavələr edilə bilər.

Maddə 10

Bu Müqavilənin həyata keçirilməsi zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Maddə 11

Bu Müqavilə Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanılır.

Bu Müqavilənin qüvvəsi Tərəflərdən birinin diplomatik kanallar vasitəsilə digər Tərəfin bu Müqaviləni ləğv etmək niyyəti barədə yazılı bildirişini aldığı tarixdən on iki ay keçdikdən sonra ləğv edilir.

Daşkənd şəhərində 23 avqust 2026-cı il tarixində her biri Azərbaycan, özbək və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

Bu Müqavilənin təfsirində fikir ayrılıqları yarandığı təqdirdə, rus dilində olan mətndən istifadə ediləcəkdir.

 

 

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox