İyunun 7-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhd mərhələsi keçiriləcək. Bir çox abituriyentlər imtahan öncəsi ən çox qarşılaşdıqları çətinliyin həyəcanı idarə edə bilməmək olduğunu bildirirlər. Hətta bəziləri qeyd edirlər ki, bu həyəcan səbəbindən bildiklərini belə unudurlar.
Maraqlıdır, imtahan verəcək abituriyentlər həyəcanlarını idarə etmək və psixoloji olaraq daha dayanıqlı olmaq üçün nə etməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı psixoloq Gülnar Orucova danışıb.
Psixoloq qeyd edib ki, həyat 120 sualdan və 3 saatlıq imtahandan ibarət deyil:
“Ümumiyyətlə, vaxt yaxınlaşdıqca həyəcan bir qədər artır. Həyəcan artdıqca isə gərginlik formalaşır və aqressiya ortaya çıxır. Mənim ilk tövsiyəm o olardı ki, valideynlər öz övladlarına dəstək olsunlar. Övladlarını uğuru ilə də, uğursuzluğu ilə də, az balı ilə də, çox balı ilə də qəbul etsinlər. Həyat 120 sualdan və 3 saatlıq bir vaxtdan ibarət deyil. Bir abituriyentin hansısa fəndən aşağı nəticə göstərməsi onun savadsız olmasının göstəricisi deyil. Sadəcə, həmin fənni daha zəif mənimsəmiş ola bilər. Yaxud da həyəcan və stress səbəbindən bildiklərini tam şəkildə ortaya qoya bilməyə bilər.
Amma burada başqa bir məsələ də var: valideynlər repetitorlara çəkdikləri yüksək xərclərə görə övladlarını daha çox sıxışdırırlar. Halbuki hər bir valideyn övladı üçün müəyyən zəhmət çəkmək məsuliyyəti daşıyır. Çünki o övladı dünyaya gətirib və onun bütün tələbatlarını ən azı 18 yaşına qədər təmin etməlidir”.
Bəzən problem bilməməkdə deyil, həyəcanın bildiklərini kölgədə qoymasındadır:
“Vaxta az qaldıqda uşaqlar daha çox oxumağa çalışırlar. Amma imtahana az qalmış daha çox oxumaq hər zaman uğur gətirmir. Beyni həddindən artıq yüklədikdə, beyin özü narahatlıq siqnalları verməyə başlayır. Hətta insanın bildiyi məlumatları da unutduğu təəssüratı yarana bilər.
İmtahan yaxınlaşdıqca hazırladığım abituriyentlərdən tez-tez bir cümlə eşidirəm: “Sanki mən heç nə bilmirəm”. Əslində isə belə deyil. Sadəcə, məlumatın çoxluğu və həyəcanın artması bu hissin yaranmasına səbəb olur.
İlk növbədə, özünüzü sakit saxlamağa çalışın. Nəfəs texnikalarından istifadə edin. Nəfəsi 4 saniyə ərzində alın, 4 saniyə saxlayın, 8 saniyə ərzində verin və bu məşqi bir neçə dəfə təkrarlayın. Özünüzə müsbət motivasiya verməyi də unutmayın. “Mən uğurluyam”, “Mən bacarıqlıyam”, “Mən qalibəm” kimi ifadələri həm güzgü qarşısında, həm də gün ərzində özünüzə təkrar edə bilərsiniz”.
İmtahandan qorxduğumuzu düşünürük, amma əslində qorxduğumuz qəbul olunmamaqdır:
“Və ən əsası, özünüzü heç kimlə müqayisə etməyin. Əgər valideynləriniz və ya ətrafınızdakı insanlar sizi başqaları ilə müqayisə edirlərsə, buna imkan verməməyə çalışın. Çünki insan özünü başqaları ilə müqayisə etdikcə, özgüvəninin azalması ehtimalı artır. Hər kəsin öyrənmə tempi, bacarığı və inkişaf yolu fərqlidir. Əsas olan, öz dünəninizlə müqayisədə bu gün nə qədər irəlilədiyinizdir.
Və mən hər zaman deyirəm: biz əslində imtahandan qorxmuruq. Bizə gələn həyəcan imtahan həyəcanı deyil. Bu, kəsilmək qorxusudur, qəbul olmamaq qorxusudur. Bizi narahat edən əsas amillər də məhz bunlardır.
Bu səbəbdən nə etməliyik? Çalışmalıyıq ki, uğur qazanmaq üçün əlimizdən gələni edək. Özümüzü ələ almağa, psixoloji vəziyyətimizi normallaşdırmağa və hadisələrə daha sağlam yanaşmağa çalışmalıyıq. Vəziyyəti düzgün dəyərləndirib qiymətləndirdikdə, həm həyəcanımızı daha yaxşı idarə edə, həm də potensialımızı daha effektiv şəkildə ortaya qoya bilərik”.
Şagirdlərin ixtisas seçimlərini valideynlər yox, özləri etməlidir:
"Abituriyentlərin universitetə qəbulunu mən bir yarış kimi, bir marafon kimi görürəm. Bu marafonda isə sanki valideynlər daha çox iştirak edirlər. Yəni valideynlər bir növ yarış meydançasında dayanmış kimi olurlar. Mən istərdim ki, orada uşaqlar dayansın və seçimlərini özləri etsinlər.
Siz övladlarınıza əziyyət çəkə bilərsiniz, onlara sərmayə qoya bilərsiniz, amma onların hansı ixtisası seçəcəyinə qərar verə bilməzsiniz. Bu gün hər kəsdən soruşanda ki, hansı ixtisasa qəbul olmaq istəyirsən “hara olsa universitetə girim”, cavabını verirlər. Bu, bir Azərbaycan gəncinin arzusu olmamalıdır. Məhz buna görə də bu gün gənclərin bəziləri iş tapa bilmir. Universiteti bitirə bilirlər, amma iş tapa bilmirlər. Niyə? Çünki “hara olsa girim” düşüncəsi ilə seçim ediblər.Yəni mənə görə elə ixtisas seçmək lazımdır ki, gələcəkdə ondan istifadə edə bilək.
Bu gün Azərbaycanda baxmalıyıq ki, ibtidai sinif müəlliminə artıq ehtiyac yoxdur, ingilis dili müəlliminə də artıq ehtiyac yoxdur. Bu sahələri dövlət özü nəzarətdə saxlayıb tədricən azaltmalıdır. Yəni hansı sahəyə tələbat varsa, o sahələr artırılmalıdır".