Hazırda Azərbaycanda tibb təhsili üzrə həkim hazırlığı Azərbaycan Tibb Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həyata keçirilir.
Əvvəlki illərdə bəzi özəl ali təhsil müəssisələrində də tibb ixtisasları tədris olunub. Səhiyyə sektorunun inkişafı, əhalinin artan tibbi xidmət tələbatı və həkim kadrlarına ehtiyac fonunda tibb təhsilinin əhatə dairəsinin genişləndirilməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, tibb təhsilinin hazırda məhdud sayda universitetdə tədris olunması ölkənin ehtiyaclarını qarşılamaq üçün kifayətdirmi, yoxsa müvafiq standartlara cavab verən özəl universitetlərə də bu sahədə fəaliyyət göstərmək imkanı yaradılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə, Elm və Təhsil Komitəsinin sədr müavini Rəşad Mahmudov danışıb.

Dəyişən dünya reallıqları və əhalinin artan tibbi xidmət tələbatı tibb təhsilinin davamlı şəkildə inkişaf etdirilməsini zəruri edir:
“İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan Tibb Universiteti başda olmaqla, ölkəmizdə tibb təhsili verən ali təhsil müəssisələrində son illərdə təhsilin keyfiyyəti, məzmunu, praktiki hazırlıq imkanları və beynəlxalq əməkdaşlıq istiqamətində ciddi inkişafın şahidi oluruq. Bu, ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatların, insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinin və tibbi təhsilin müasirləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.
Bununla yanaşı, dünyanın sürətlə dəyişən reallıqları, tibbdə baş verən texnoloji yeniliklər, süni intellektin səhiyyəyə inteqrasiyası, yeni müalicə yanaşmaları, eləcə də ölkəmizdə həyata keçirilən səhiyyə islahatları və əhalinin artan tibbi xidmət tələbatı tibb təhsilinin davamlı şəkildə inkişaf etdirilməsini zəruri edir. Qarşıdakı illərdə həm həkimlərin sayına, həm də onların hazırlıq səviyyəsinə olan tələblərin daha da artacağı şübhəsizdir”.
Lazımi infrastruktur və tələblər təmin olunmadan sadəcə universitetlərin sayının artırılması, səhiyyə sisteminə faydadan çox zərər verə bilər:
“Mən hesab edirəm ki, bu məsələyə yanaşarkən əsas meyar ali təhsil müəssisələrinin sayının artırılması deyil, keyfiyyətli həkim hazırlığının təmin olunması olmalıdır. Tibb təhsili digər ixtisaslardan fərqli olaraq yalnız auditoriya dərsləri ilə məhdudlaşmır. Burada güclü klinik baza, müasir laboratoriyalar, simulyasiya mərkəzləri, elmi fəaliyyət və yüksək səviyyəli professor-müəllim heyəti əsas şərtlərdir. Bu tələblər təmin olunmadan sadəcə universitetlərin sayının artırılması səhiyyə sisteminə faydadan çox zərər verə bilər.
Digər tərəfdən, Azərbaycanın uzunmüddətli inkişaf perspektivləri nəzərə alındıqda, gələcəkdə əlavə tibb təhsili müəssisələrinin fəaliyyət göstərməsi də istisna edilmir. Əgər hər hansı ali təhsil müəssisəsi, istər dövlət, istərsə də özəl universitet, beynəlxalq akkreditasiya standartlarına cavab verən tədris proqramlarına, kifayət qədər klinik bazaya və peşəkar akademik kadrlara malikdirsə, onun tibb təhsili verməsi məsələsi müzakirə oluna bilər”.
Məqsəd daha çox diplom vermək deyil, daha yaxşı həkim yetişdirməkdir:
“Bakı şəhərinə gəldikdə isə, paytaxt ölkənin əsas elmi və tibbi mərkəzi olmaqla ən geniş klinik imkanlara malikdir. Buna görə də gələcəkdə tibb təhsili imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılarsa, burada da əsas meyar yenə keyfiyyət, praktik hazırlıq və beynəlxalq standartlara uyğunluq olmalıdır. Məqsəd daha çox diplom vermək deyil, daha yaxşı həkim yetişdirməkdir.
Hesab edirəm ki, ölkəmizin səhiyyə sisteminin gələcək uğuru məhz keyfiyyətli tibb təhsili, güclü klinik hazırlıq və müasir tibbi biliklərə malik kadrların yetişdirilməsindən asılı olacaq. Bu baxımdan istənilən qərar kəmiyyət deyil, ilk növbədə keyfiyyət prinsipi üzərində qurulmalıdır”.