DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlərin ixtisas qrupunu dəyişmək imkanı olsa da, bu fürsətdən istifadə edənlərin sayı çox azdır.
Bu məsələ peşəyönümü, şagirdlərin öz potensialını düzgün qiymətləndirməsi və məktəblərdə aparılan istiqamətləndirmə işlərinin effektivliyi ilə bağlı yeni müzakirələr yaradıb.
Abituriyentlərin böyük əksəriyyəti niyə ixtisas qrupunu dəyişməkdən çəkinir və ya bu imkandan istifadə etmir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, burada məsələ təkcə ixtisas qrupunu dəyişmək imkanının olub-olmaması deyil, şagirdin özünü nə qədər tanıması və qərar verərkən nə qədər dəstək görməsi ilə bağlıdır:

“Azərbaycanda abituriyentlərin bəziləri ixtisas qrupunu seçəndə daha çox cəmiyyətin formalaşdırdığı “prestijli sahə” anlayışına, valideyn yönləndirməsinə və ya dost mühitinin təsirinə əsaslanır. Sonradan anlayırlar ki, seçdikləri istiqamət onların real maraq və bacarıqları ilə tam uyğun gəlmir, amma artıq dəyişiklik etməkdən çəkinirlər. Çünki bu dəyişiklik bəzi hallarda “uğursuzluq” kimi qəbul edilir. Halbuki dünya təcrübəsində istiqaməti yenidən müəyyənləşdirmək çox normal inkişaf mərhələsi sayılır.
Digər tərəfdən, şagirdlərdə “vaxt itirərəm”, “yenidən başlamaq çətin olar”, “ailəm razı olmaz” kimi psixoloji baryerlər də olur. Xüsusilə imtahan təzyiqi altında olan yeniyetmə üçün istiqamət dəyişmək bəzən risk kimi görünür. Halbuki düzgün istiqamət seçilməyəndə sonradan universitetdə motivasiya itkisi, peşədən narazılıq və hətta karyera dəyişiklikləri daha çox yaşanır. Bəzən şagird riyaziyyatdan yüksək nəticə göstərir, amma özü sosial sahələrə maraqlıdır, ya da əksinə. Sadəcə bal üstünə qərar verilir. Bal isə hər zaman potensialın tam göstəricisi olmur.
Dünya təcrübəsində, xüsusilə Finlandiya, Kanada və Sinqapur kimi ölkələrdə peşəyönümü işi yalnız 11-ci sinifdə aparılmır. Şagirdlərin maraq, bacarıq və xarakter xüsusiyyətləri daha erkən yaşlardan müşahidə olunur. Məktəblərdə karyera məsləhətçiləri, psixoloqlar və mentor müəllimlər birlikdə işləyirlər. Şagird sadəcə “hansı qrupu seçim?” sualına yox, “mən hansı mühitdə daha uğurlu və xoşbəxt ola bilərəm?” sualına cavab axtarır”.
Bizdə də sınaq imtahanlarının nəticələri yalnız bal müqayisəsi üçün deyil, analitik şəkildə istifadə olunmalıdır:
“Şagirdə sadəcə “filan bal toplamısan” demək kifayət etmir. Ona güclü və zəif tərəfləri izah edilməlidir. Məsələn, hansı tip suallarda daha uğurludur, hansı bacarıqları ön plana çıxır, hansı sahələrdə inkişaf potensialı görünür və s. Bunun üçün məktəblərdə psixoloji xidmətlə akademik istiqamətləndirmə bir-birindən ayrı deyil, əlaqəli şəkildə işləməlidir.
Eyni zamanda valideynlərlə iş də çox vacibdir. Çünki bəzən şagird dəyişmək istəyir, amma ailə “bir dəfə seçmisən, davam et” düşüncəsi ilə mane olur. Halbuki doğru qərarı gec də olsa vermək, yanlış istiqamətdə illərlə davam etməkdən daha faydalıdır. Təhsil sistemi şagirdə qorxu yox, seçim mədəniyyəti qazandırmalıdır. Çünki peşə seçimi sadəcə universitet seçimi deyil, insanın gələcək həyat keyfiyyətinə təsir edən ciddi qərardır”.