“Bakı şəhərsalma həftəsi” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Seranit Azərbaycan” və “SinerjiPro” şirkətlərinin dəstəyi ilə “Memarlıq həftəsi”nə start verilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və ölkədə elan olunan “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan həftə memarlıq, şəhərsalma və dizayn sahəsində aktual məsələlərin müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması, gələcəyin memarlıq baxışlarının formalaşdırılması baxımından mühüm platforma kimi diqqət çəkib.
AzEdu.az xəbər verir ki, tədbirin açılışı AzMİU-nun “In Vision Design Talks Campus” platformasında təşkil olunan “Memarlıq və dizaynın görüş nöqtəsi. Gələcəyi formalaşdıran ideyaların səhnəsi” mövzusunda panel müzakirələrlə başlayıb. Tədbirdə müasir memarlığın çağırışları, innovativ yanaşmalar və şəhərsalmanın perspektivləri geniş şəkildə müzakirə olunub.
Yerli və xarici qonaqlar, AzMİU rəhbərliyi, dekanlar, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən AzMİU Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Memarlıq həftəsi”nin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, belə tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsi, onların beynəlxalq memarlıq gündəmini yaxından izləməsi və peşəkar memarlarla birbaşa ünsiyyət qurması baxımından olduqca önəmlidir.
Zahidə Məmmədova universitetin memarlıq və şəhərsalma istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, bu cür təşəbbüslərin gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
“Seranit Azərbaycan” şirkətinin rəhbəri Ufuk Polat çıxışında memarlıq və tikinti sektorunda universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, müasir memarlıq yalnız estetik yanaşma ilə deyil, eyni zamanda, texnoloji yeniliklər, dayanıqlı materiallardan istifadə və insanyönümlü həllərlə inkişaf etməlidir. Bu prosesə dəstək verməkdən məmnunluğunu bildirən Ufuk Polat gənc memarların inkişafına töhfə verməyin onların prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Daha sonra panel müzakirələrə start verilib. Panelin moderatoru, Türkiyənin Memar Sinan İncəsənət Universitetinin professoru Osman Arayıcı tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür platformalar fərqli ölkələrin memarlıq məktəblərini və təcrübələrini bir araya gətirərək yeni əməkdaşlıq imkanları yaradır. Onun sözlərinə görə, memarlıq yalnız bina layihələndirmək deyil, həm də şəhərlərin gələcəyini düşünmək və insan həyat keyfiyyətini yüksəltmək missiyası daşıyır.
Paneldə çıxış edən Türkiyənin tanınmış memarlarından Sinan Kafadar Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. O, ölkədə memarlıq və şəhərsalma sahəsində son illərdə müşahidə edilən dinamik inkişafı yüksək qiymətləndirərək, Azərbaycanın regional memarlıq mərkəzlərindən birinə çevrilmək potensialına malik olduğunu bildirib. Memar müxtəlif layihələr üzərində işləyərkən yerli memarlıq ənənələrinin qorunmasının və müasir yanaşmalarla uzlaşmanın vacibliyini vurğulayıb.
Türk memar Yeşeren Ersan çıxışında müasir layihələrin hazırlanmasında süni intellekt texnologiyalarının rolundan bəhs edib. O qeyd edib ki, süni intellekt memarlıq prosesində yalnız texniki alət deyil, eyni zamanda, yaradıcılığı dəstəkləyən, layihələrin effektivliyini artıran və qərarvermə prosesini sürətləndirən mühüm vasitəyə çevrilib. Yeşeren Ersan gələcəyin memarlarını texnologiyanı peşəkar bacarıqlarının ayrılmaz hissəsi kimi qəbul etməyə də çağırıb.
“Project Bureau Azerbaijan”ın direktoru, memar Tusi Əliyev çıxışında ölkədə həyata keçirilən iri memarlıq və urbanistik layihələrdən danışaraq, beynəlxalq təcrübənin yerli bazara inteqrasiyasının vacibliyini vurğulayıb. O bildirib ki, müasir şəhərsalma yanaşmaları insan mərkəzli planlaşdırma, ekoloji dayanıqlılıq və innovativ həllər üzərində qurulmalıdır.
Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə çıxışında gənc memarların peşəkar inkişafına dəstəyin artırılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, belə tədbirlər tələbələrin və gənc mütəxəssislərin beynəlxalq memarlıq ictimaiyyəti ilə əlaqələrinin güclənməsinə, onların yeni ideyalarla tanış olmasına, peşəkar şəbəkələrinin genişlənməsinə şərait yaradır.
İnteraktiv formatda davam edən paneldə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, memarlıq təhsilinin gələcək perspektivləri, beynəlxalq təcrübə proqramları, müasir layihələndirmə metodları və rəqəmsal texnologiyaların memarlıq sahəsində tətbiqi ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxışçılar tələbələrə peşəkar inkişaf, yaradıcılıq yanaşmasının formalaşdırılması və beynəlxalq memarlıq mühitinə inteqrasiya ilə bağlı tövsiyələrini bölüşüblər. Panel iştirakçıları tərəfindən tələbələrin aktivliyi yüksək qiymətləndirilib, bu kimi görüşlərin gənc memarların dünyagörüşünün genişlənməsi və praktiki biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
“Memarlıq həftəsi” çərçivəsində növbəti günlərdə müxtəlif mövzularda tədbirlərin, müzakirələrin keçirilməsi nəzərdə tutulur. Həftə boyunca tələbələr və iştirakçılar memarlıq və şəhərsalma sahəsində ən son tendensiyalarla tanış olmaq, aparıcı mütəxəssislərlə fikir mübadiləsi aparmaq və peşəkar inkişaf üçün yeni imkanlar qazanmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Memarlıq həftəsi” AzMİU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, memarlıq təhsilinin keyfiyyətinin yüksəldilməsi və ölkədə memarlıq düşüncəsinin inkişafına töhfə vermək istiqamətində atdığı mühüm addımlardan biri kimi dəyərləndirilir.