Azedu.az

BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar

Universitetlər

12 May 2026, 17:13
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar

Bakı Mühəndislik Universitetində (BMU) “İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər” mövzusunda seminar təşkil edilib. Seminarda BMU-nun Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Dilqəm Qəniyev, eləcə də “Hydrotrans Engineering” Mühəndislik Mərkəzinin əməkdaşları iştirak ediblər.

AzEdu.az xəbər verir ki, öncə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə olan və seminarın əsas məruzəçisi qismində çıxış edən Elçin Abdullayev haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Almaniyanın “Kirn Ingenieure” şirkətində infrastruktur və mülki tikinti üzrə baş layihə rəhbəri vəzifəsində çalışan E.Abdullayev şəhər infrastrukturu, nəqliyyat sistemləri və dayanıqlı mühəndislik həlləri sahəsində geniş beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Almaniyada müxtəlif infrastruktur layihələrinin idarə olunması, müasir urbanizasiya çağırışları və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələrdə iştirak edib.

Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə təşkil olunan bu cür elmi-praktik tədbirlərin ali təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, iqlim dəyişiklikləri, dayanıqlı şəhərsalma və müasir infrastruktur sistemlərinin formalaşdırılması məsələləri hazırda qlobal elmi və mühəndislik gündəliyinin prioritet istiqamətlərindəndir. Bu baxımdan tələbə və gənc tədqiqatçıların beynəlxalq təcrübə ilə yaxından tanış olması, həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yaqub Piriyev WUF13 kimi nüfuzlu beynəlxalq platformanın Bakıda keçirilməsinin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini fikirlərinə əlavə edib. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı şəhər inkişafı, urbanizasiya proseslərinin idarə olunması və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin elmi baxımdan araşdırılmasının aktuallığını diqqətə çatdırıb.  

Sonra məruzə ilə çıxış edən Elçin Abdullayev iqlim dəyişikliklərinin şəhər infrastrukturlarına təsiri, dayanıqlı mühəndislik yanaşmaları və müasir urbanizasiya prosesləri ilə bağlı elmi-praktik məsələlərə toxunub. Qeyd olunub ki, son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində şəhər mühitində müşahidə olunan risklər infrastruktur sistemlərinin daha davamlı və adaptiv prinsiplər əsasında layihələndirilməsini zəruri edir. Məruzədə dayanıqlı nəqliyyat sistemləri, su idarəetmə mexanizmləri, ekoloji cəhətdən səmərəli mühəndislik həlləri və ağıllı şəhər konsepsiyalarının tətbiqi istiqamətində beynəlxalq təcrübələr ətraflı təqdim olunub. 

Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox