Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda peşə təhsili müəssisələrinin tələbələrinin hazırladıqları kənd təsərrüfatı məhsulları və praktiki layihələr böyük maraqla qarşılanıb. Sərgidə iştirak edən Lənkəran, Cəlilabad, Bərdə və digər regionları təmsil edən peşə təhsili müəssisələrinin tələbələri istixanalarda yetişdirdikləri məhsulları, eləcə də hazırladıqları bal, cem və müxtəlif kənd təsərrüfatı nümunələrini nümayiş etdiriblər.
AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi”nin sərgidən hazırladığı reportaj zamanı peşə təhsili müəssisələrinin stendinin həm yerli, həm də xarici qonaqlar tərəfindən xüsusi maraqla qarşılandığı məlum olub. Xüsusilə iriölçülü pomidorlar, müxtəlif kartof növləri, istixana məhsulları və emal edilmiş kənd təsərrüfatı məhsulları ziyarətçilərin diqqətini cəlb edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib ki, aqrar sahədə insan kapitalının formalaşdırılması peşə təhsilinin əsas prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ziyarətçilərin peşə təhsili müəssisələrinə marağı kifayət qədər böyükdür.
İlqar Bayramlı qeyd edib ki, kənd təsərrüfatının inkişafı təkcə istehsal göstəriciləri ilə ölçülmür. Bu sahənin inkişafında əsas amillərdən biri peşəkar insan kapitalının hazırlanmasıdır: “Bu gün müasir yanaşmalar göstərir ki, aqrar sektorun inkişafı böyük mənada həmin sahədə çalışan insan kapitalının inkişafı ilə sıx bağlıdır. Bu baxımdan peşə təhsili aqrar siyasətin ayrılmaz komponentinə çevrilib”.
Direktor bildirib ki, hazırda ölkə üzrə 50-yə yaxın peşə təhsili müəssisəsində kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı istiqamətləri üzrə 17 ixtisas üzrə 4 minə yaxın tələbə təhsil alır. O vurğulayıb ki, əsas məqsəd yalnız tələbə sayını artırmaq deyil, həm də regionların iqtisadi profilinə uyğun ixtisaslaşmış peşə müəssisələrinin fəaliyyətini genişləndirməkdir: “Burada əsas məsələlərdən biri hər bir regionun iqtisadi profilinə uyğun peşə müəssisələrinin olmasıdır. Yəni regionun iqtisadi profili ilə təhsil siyasətinin uyğunlaşdırılmasıdır”.
İlqar Bayramlının sözlərinə görə, hazırda Balakən, Qəbələ, İsmayıllı, Cəlilabad, Lənkəran və Neftçalada kənd təsərrüfatı üzrə ixtisaslaşmış və müasir infrastruktura malik peşə təhsili müəssisələri fəaliyyət göstərir. O qeyd edib ki, sərgiyə marağın yüksək olması da təsadüfi deyil: “Kənd təsərrüfatı dövlətin prioritet istiqamətlərindən biridir və iqtisadiyyatın əsas sahələrindən hesab olunur. Peşə təhsili də kənd təsərrüfatında insan kapitalının formalaşdırılmasına töhfə verən mühüm siyasət istiqaməti kimi əhəmiyyətli yer tutur”.
Sərgidə diqqət çəkən məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın peşə təhsili müəssisələrinin stendlərinə baş çəkməsi olub. İlqar Bayramlı bildirib ki, bu görüş peşə təhsili sahəsində çalışan kollektiv və tələbələr üçün xüsusi motivasiya yaradıb: “Bu, bizim üçün çox əlamətdar və qürurverici bir məqamdır. Cənab Prezident, Mehriban xanım və Leyla xanım sərgini ziyarət edərkən bizim stendə də yaxınlaşdılar. Stendimiz böyük maraq doğurdu və cənab Prezidentə peşə təhsili sahəsində həyata keçirilən işlərlə bağlı məlumat verildi. Mehriban xanımın tələbələrimizlə səmimi və isti münasibəti isə onlar üçün xüsusi motivasiya oldu”.
Direktor qeyd edib ki, görüş zamanı peşə təhsili sahəsində həyata keçirilən layihələr və gələcək planlarla bağlı da məlumat verilib. O, dövlət başçısının peşə təhsilinə göstərdiyi dəstəyə görə təşəkkürlərini ifadə edib: “Cənab Prezident tərəfindən peşə təhsili sahəsinə dair strateji sənəd imzalanıb. Həmin sənəd çərçivəsində 2027-2030-cu illərdə ölkənin müxtəlif regionlarında ən müasir infrastruktura malik 23 yeni peşə təhsili mərkəzinin yaradılması nəzərdə tutulur”.
Sərgidə iştirak edən tələbələr də peşə təhsilinin onların gələcək inkişafında mühüm rol oynadığını bildiriblər. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Nəzakət Məmmədova deyir ki, hazırda təhsil aldıqları müəssisənin istixanasında yetişdirdikləri məhsulları sərgidə nümayiş etdirirlər: “Sərgidə iki sort pomidorumuz var – "Ranır" və "Tulmola". Bunlar Hollandiya sortlarıdır. Düşündüm ki, peşə öyrənmək və bu sahədə inkişaf etmək mənim üçün daha faydalı olar. Buna görə də peşə təhsil mərkəzində təhsil almağa başladım”.

Sərgi bir daha göstərdi ki, peşə təhsili müəssisələrində aqrar sahə üzrə aparılan praktiki hazırlıq artıq real nəticələr verir.