https://www.zirve.edu.az/
21.01.2019 10:25
Antarktidada sirli orqanizmlər aşkarlandı

Alimlər Antarktida buzlaqlarının altında olan göldən min illər ərzində təcrid olunmuş canlı orqanizmlərin qalıqlarını aşkarlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.

Tədqiqatçılar cənub qütbünün su hövzələrində ilk dəfədir ki, belə qalıqlarla rastlaşır. Buna qədər alimlər belə mühitdə yalnız bakteriyaların yaşaya bildiyini fərz edirdi.

 

Tapıntı “Subglacial Antarctic Lakes Scientific Access” (SALSA) tədqiqatı çərçivəsində qeydə alınıb. Tədqiqatçılar Cənub qütbündən 600 kilometr aralıda yerləşən Merser gölündən nümunə götürüblər. 

Bunun üçün onlar bir kilometr dərinlikdə quyu qazaraq, ora temperaturu ölçən cihaz buraxıb. Sonradan cihazı səthə çıxararaq, üzərinə yapışan çirkdən nümunələr götürüb. Nümunələr mikroskop altında araşdırılıb.

Mütəxəssislər diatom yosunların çanaqlarını, buğumayaqlılar, o cümlədən, xərçəngkimilərin və ərincəkliləri xatırladan mikroskopik canlıların qalıqlarını müşahidə edib. Bundan savayı, mikroskop altında soxulcanlara bənzəyən bitki və göbələk toxumalarını aşkarlanıb.

Alimlərin hesablamalarına görə, həmin canlılar Transantarktika dağlarının su hövzələrində, təxminən Merser gölündən 50 kilometr aralıda yaşayıb. Onların yaşayışı üçün əlverişli şərait təxminən 120 min il əvvəl mövcud olub.

Alimlər hələlik bu məxluqların gölə hansı şəkildə düşdüyünü müəyyən edə bilmir. Orqanizmlərin yaşını öyrənmək üçün onlar DNT analizi və radio-karbon təqvim araşdırması aparmaq niyyətindədirlər. (Oxu.az)