Dövlət İmtahan Mərkəzində 20 aprel 2026-ci il tarixində Azərbaycan dili və informatika fənləri üzrə hazırlıq kursları keçirilib.
AzEdu.az xəbər verir ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn təşkil edilib. Regional bölmələr (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir, Xaçmaz) üzrə qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərdə onlayn formatda iştirak ediblər.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və milli qiymətləndirmə) və imtahanlarda istifadə edilən tapşırıqların tipləri haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.