Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, Həsənli Aydın Çingiz oğlu (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanında da 300 bal toplayıb.