AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Yəni, biz əsl nəticələri yalnız yaxın illərdə, avqust-sentyabr aylarında daha aydın şəkildə görəcəyik. Hətta bu qiymətləndirmə təkcə son 4 ilin deyil, bəlkə də son 15 ilin islahatlarının nəticəsini ortaya qoyacaq.
Məsələn, nəzərə alaq ki, 2024-cü ildə keçirilmiş PISA qiymətləndirmələrində biz 2016-cı ildə tətbiq edilmiş məktəbəqədər hazırlıq, yəni 5 yaşlı uşaqların təhsilə cəlb olunması islahatının nəticələrini hələ görə bilmədik. Çünki həmin uşaqlar bu qiymətləndirməyə cəlb olunacaq yaşa çatmayıblar. Bu nəticələri biz yalnız 2029-cu ildə keçiriləcək PISA tədqiqatında müşahidə edə biləcəyik. Bu da onu göstərir ki, təhsildə aparılan islahatların real nəticələri uzunmüddətli perspektivdə üzə çıxır.
Bu baxımdan hesab edirəm ki, oxuyub-anlama bacarıqları, hazırda təhsilimizin ən həssas və problemli sahələrindən biridir və xüsusi diqqət mərkəzində olmalıdır. Cəmiyyətdə, hətta müəyyən hallarda repetitor mühitində bu istiqamətə qarşı müəyyən müqavimət olsa belə, biz bu bacarıqları daha geniş şəkildə ölçməyə davam etməliyik.
Bəli, ilkin mərhələdə nəticələr aşağı ola bilər, suallar iştirakçılar üçün çətin görünə bilər. Lakin bu, bizi dayandırmamalıdır. Çünki uzunmüddətli perspektivdə məhz oxuyub-anlama bacarığı insanın peşəkar inkişafını və uğurunu müəyyən edən əsas amillərdən biridir".