2025-ci ilin 14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi (“Rebuild Karabakh”) və 30-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisində (“BakuBuild”) Qarabağ Universitetinin tələbələri fəal iştirak ediblər.
AzEdu.az xəbər verir ki, sözügedən beynəlxalq sərgilərdə Qarabağ Universitetinin Mühəndislik və İqtisadiyyat fakültələrinin tələbələri startap layihələrini təqdim ediblər.
Mühəndislik fakültəsinin tələbələrindən Yaqub Yaqublu kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə süni intellekt və avtomatlaşdırma texnologiyalarına əsaslanan “Ağıllı istixana” adlı idarəetmə sistemi layihəsini və İlkin Abdurahmanlı ətraf mühitin monitorinqi və enerji səmərəliliyinin yüksəldilməsi üçün nəzərdə tutulan “GreenIOT” adlı IoT əsaslı ağıllı sensor şəbəkəsi layihəsini nümayiş etdirib. İqtisadiyyat fakültəsinin tələbəsi Amin Nuriyev isə fermerlərlə istehlakçılar arasında birbaşa əlaqə yaradan rəqəmsal aqrar ticarət platforması - “Harvest Together (BizimBazar)” layihəsini sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Tələbələrin innovativ ideyaları sərgi iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onların layihələri Qarabağın “yaşıl bərpa” prosesinə gənclərin töhfəsi kimi dəyərləndirilib.
Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi Qarabağın bərpası və inkişafı istiqamətində ən son texnologiyaların, innovativ məhsul və xidmətlərin təqdim olunduğu mühüm beynəlxalq əməkdaşlıq platforması kimi xüsusi əhəmiyyət daşıyır. Qarabağ Universitetinin tələbələrinin bu sərgidə iştirakı onların bilik və bacarıqlarını real mühitdə tətbiq etmək, beynəlxalq təcrübə qazanmaq və startap ekosisteminə inteqrasiya olunmaq baxımından mühüm addımdır.