https://www.zirve.edu.az/
30.03.2018 18:26
Qalaktikalar bir dövrü eyni müddətə başa vururlar

Həcmlərindən asılı olmayaraq, bütün qalaktikalar fərqli sürətlə hərəkət edirlər. Alimlərin araşdırmalarına görə,  sürət fərqli olsa da,  qalaktikalar tam bir dövrü eyni zaman aralığında başa vururlar. 

Yer öz oxu ətrafında tam dövrünü bir gün müddətinə tamamlayır. Elə isə eyni prosesi qalaktikalar nə qədər müddətə sona çatdırır?

Beynəlxalq radioastronomiya tədqiqatları mərkəzindən (ICRAR) olan mütəxəssislər bu məsələ ilə bağlı araşdırma aparıblar. Professor Herhardt Meurerin dediyinə görə, bütün qalaktikalar tam dövrü bir milyard il aralığında başa vururlar: 

“Bunlar, təbii ki, isveçrə saatları deyil, amma həcmlərindən asılı olmayaraq, istəyir böyük və ya kiçik olsun, siz onların (qalaktikaların) bir küncünə əyləşsəniz, bir tam dövr sizin bir milyard ilinizi alar”

Meurer qeyd edir ki, sadə riyazi alətlərin köməyilə astronomlar oxşar həcm və sıxlığa malik qalaktikaları tapmağa müvəffəq olurlar. Onun sözlərinə görə, belə yanaşma müxtəlif qalaktikaların hansı səbəbdən fərqli sürətlərlə fırlanıb, sonda bu prosesi eyni zaman aralığına başa vurduğunu anlamağa kömək edəcək.

Alimləri ən çox təəccübləndirən fakt isə başqası idi: qalaktikaların kənarında rast gəlinən ulduzlar, gözlənilənin əksinə olaraq, “yaşlı” ulduzlar idi. 

“Mövcud modelin təxminlərinə görə, qalaktikaların kənar hissələrində yeni ulduzlar yaranmalıdır, – professor deyir, – biz isə ulduzlararası qaz dəstəsində çoxdan formalaşanları  aşkar etdik“.

Bu tapıntı tədqiqatçılar üçün olduqca vacib nailiyyət hesab olunur, çünki bunun sayəsində qalaktikaların həqiqi hüdudlarını qeydə almaq mümkün olacaq. Sərhədlərin müəyyənləşdirilməsi astronomların işini xeyli asanlaşdırmaqla yanaşı, həmçinin araşdırmaların sürətini də artıracaq.

Meurerin sözlərinə görə, hazırda inşa olunmaqda olan, dünyanın ən böyük radiointerferometri olacaq Square  Kilometre Arrayadlı qurğunun köməyilə tezliklə yeni qalaktikalar tapıldıqda, əldə olunan bu son məlumatlara gərək duyulacaq. Alimlərin 2016-cı ildə apardıqları hesablama araşdırmasının nəticələrinə görə, gözlə görünən kainatda ən az iki trilyon qalaktika mövcuddur.(yaşıl elm)