Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 13:12:19
Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”

Yeni Suraxanı qəsəbəsi 101 saylı orta məktəbdə mart ayının 19-dan qaz yoxdur.

Bu barədə AzEDU-ya həmin orta təhsil müəssisəsinin nümayəndəsi Nabat Mirzəyeva məlumat verib. O, uzun müddətdir, burada istilik sisteminin olmadığını, soyuqda güclə dərs keçildiyini bildirib:

“Məktəbdə qaz yoxdur. Uşaqlar soyuqdan donur. Həmişə məktəbimizdə istilik sistemi normal olub. Amma indi qaz xəttində problem yaranıb. Aidiyyatı qurumlardan düzəldiləcəyi ilə bağlı söz verilsə də heç kim maraqlanmır. 19 Mart tarixindən bu vəziyyətdəyik. Dəfələrlə cavabdeh qurumlara müraciət etmişik. Təhsil Nazirliyininin aidiyyatı şöbəsində dərdimizi bilirlər. Problemin aradan qaldırılacağını bildiriblər. Deyirlər orada 200-300 AZN-lik nəsə xarab olub. Qaz idarəsinə neçə dəfə məlumat vermişik. Dünən dedilər ki, yoldayıq, gəlirik. İndi isə həmin nömrə ilə əlaqə saxladıqda bu haqda məlumatlarının olmadığını bildirirlər. Bizə kömək edən yoxdur. Uşaqlar çətinlik çəkir”.
Problemlə əlaqədar AzEDU-ya danışan Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalıyev bildirib ki, məktəb özü xarab olmuş cihazı təmir etdirməlidir:
“Problemi araşdırdıq. Həmin məktəbə məxsus qaztənzimləyici cihaz xarabdır. Bu cihaz onların özünün balansındadır. Məktəb öz balansında olan xəttin üzərindəki qaztənzimləyicini təmir etdirməlidir. Əraziyə cavabdeh olanlarla əlaqə saxlanılıb. Nə köməyi lazım olsa, edəcəklər”.
Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları