“Bu gün gənclər elə hazırlanır ki, onlar yeni uğurlu inkişafı və bu inkişafın real nəticəyə çevrilməsini təmin edə bilsinlər”.
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda çıxışı zamanı qeyd edib.
“Bu yalnız bilik, bacarıq və tətbiq olunan təhsil sistemi ilə mümkün deyil. Eyni zamanda gənclərimizdə milli-mənəvi dəyərlərin formalaşdırılması da son dərəcə vacibdir.
Bəs biz gələcək üçün kimləri yetişdiririk? Məşhur bir deyim var: "Bu günün uşağı sabahın xalqıdır". Uşaqlarımızı necə formalaşdırırıqsa, inkişaf edəcək cəmiyyət də elə olacaq. Bu mənada təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür və biz bu məsuliyyəti dərk etməliyik”.