ABŞ Təhsil Departamenti məktəblərdə psixi sağlamlıq xidmətlərinin gücləndirilməsi məqsədilə əlavə maliyyə ayırıb. Rəsmi məlumata görə, bu istiqamətdə həyata keçirilən proqramların genişləndirilməsi üçün 208 milyon dollar vəsait yönəldilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ayrılan maliyyə məktəblərdə psixoloq, sosial işçi və məsləhətçi xidmətlərinin artırılmasına, eləcə də şagirdlərin emosional rifahının dəstəklənməsinə xidmət edəcək. Departament nümayəndələri bildiriblər ki, bu addım şagirdlərin psixi sağlamlığının qorunması və təhsil mühitinin daha təhlükəsiz və dayanıqlı hala gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunur ki, pandemiyadan sonra şagirdlər arasında stress, narahatlıq və davranış problemlərinin artması bu cür proqramlara olan ehtiyacı daha da aktuallaşdırıb. Ayrılan vəsaitin ölkə üzrə müxtəlif ştatlarda məktəblərə yönəldilməsi planlaşdırılır.