Dərsliklərin xətalarından biri də kurikulumda məzmun xətlərinin alt qatına çox nüfuz edilə bilməməsidir.
Bu sözləri AzEdu.az-ın "TəhsilSiz" verlişində təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
Müsahibimiz qeyd edib ki, biz təhsili yalnız universitetə qəbul olmaq müstəvisinə endirmişik:
"Azərbaycan dili dərslərinə biz yalnız sait və samitlər nələrdən ibarətdir, ahəng qanununun tərifi nədir, sintaksis və isim nədir və s. kimi baxmaq müstəvisindən çıxmalıyıq. Bu gün Azərbaycan dili dərsliyi geniş məzmun xəttinə malikdir. Bu fənni tədris edən müəllimlərin haqqına girmək istəmirəm. Bəlkə də aralarında elə müəllimlər var ki, onlar daim axtarışda olurlar.
Təbii ki, məzmun xətti də yalnız bizə aid deyil. Dünyanın bütün ölkələrində dil dərsləri var. Elə müəllimlər ola bilər ki, onlar Finlandiya dil dərslərinin məzmun xəttini araşdırıb özləri də onu tətbiq edirlər. Ancaq fikrimcə, belə müəllimlərin sayı azdır. Müəllimlərə tövsiyə edirəm ki, məzmun qatlarının alt qatına varmağı bacarsınlar.
Dərsliklərin xətalarından biri də kurikulumda məzmun xətlərinin alt qatına çox nüfuz edilə bilməməsidir.
Oxu məzmun xəttinin dil bacarıqları vasitəsilə idraki keyfiyyəti artırmaq funksiyası var. Bu gün şagird üçün bu lazımdır. Şagirdin gələcəyi və şəxsiyyət kimi yetişməsi üçün bunlar vacibdir.
Ancaq biz təhsili yalnız universitetə qəbul olmaq müstəvisinə endirmişik. Halbuki təhsil həyatın özüdür".