Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 12:13:00
"Mən yalnız uzun məktəb yolu qət edən şagirdlərin müəllimi olmalıydım" - Kənd müəlliminin fədakarlığı

AzEdu.az müəllimlərin işə qəbulu üzrə builki müsabiqəsində fizika fənni üzrə 58 bal toplayaraq Ağstafa rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbinə qəbul olmuş Şahin Hüseynovun “uğur hekayəsi”ni təqdim edir:

Fizika fənninə olan sonsuz marağım məni bu sahəyə yönəltdi. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil oldum. Tələbəlik dövründə insana elm öyrətməyin necə böyük bir iş olduğunu anladım və məndə müəllimliyə həvəs yarandı. Fikirləşirdim ki, bu bildiklərimi öyrətməliyəm, mən müəllim olmalıyam. O vaxtlar ucqar kəndlərdə ciddi müəllim çatışmazlığı vardı. Qarşıma məqsəd qoymuşdum, Bakıda işləməyəcəkdim, yalnız rayon və kənd məktəblərində həvəslə müəllim yolunu gözləyən, hər gün məktəbə getmək üçün uzun yol qət edən şagirdlərin müəllimi olmalıydım. 2010-cu ildə Bakı Dövlət Universitetinin magistr səviyyəsinə daxil oldum. 2012-ci ildə təhsilimi başa vurdum. Artıq bildiklərimi öyrətmək vaxtı gəlmişdi. Həmin il arzumu reallaşdırmaq üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak etdim, lakin tam hazırlıqlı olmadığım üçün imtahan nəticəm məni qane etmədi. Yenə də deyirəm, məqsədim yüksək bal toplayıb daha çox rəqabətin olduğu şəhər məktəbinə işə qəbul olmaq deyildi. Mən sadəcə imtahan suallarının hamısını düzgün cavablamağı hədəfləmişdim. Nəhayət muradıma çatdım. İkinci turda Ağstafa rayonunun Zəlimxan kənd tam orta məktəbinə qəbul oldum. Dərsə girdiyim ilk gün həyatımın dönüş nöqtəsi oldu. Bu dünyaya boş yerə gəlmədiyimi anladım. Millətimiz üçün gələcəyə həkim, mühəndis, müəllim və ən əsası düzgün şəxsiyyət yetişdirməkdən daha xeyirli heç nə yoxdur. Bu kənddə çox mehriban və elmə qiymət verən insanlarla tanış oldum. Hər gün öz üzərimdə çalışdım və zamanla püxtələşdim. Daha fərqli və faydalı metodlarla dərs prosesini təşkil edirdim. Fizika elə bir fəndir ki, bütün mövzular bir-biri ilə zəncirvari əlaqəlidir. Çalışırdım ki, bütün mövzuları, ən kiçik düsturdan ən çətin qanunadək izah edərkən heç bir məqam diqqətimdən kənarda qalmasın. Hər dəfə dərs izah edərkən məni bir sual düşündürürdü: Dərsi necə keçim ki, həm maraqlı, həm də yaddaqalan olsun? Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında 52 bal topladım, ixtisas üzrə isə 1 suala düzgün cavab verməmişdim. Bu məni məyus etmişdi. 2018-ci ildə MİQ imtahanında 58 bal topladım, ixtisasım üzrə bütün suallara düzgün cavab vermişdim. Ağstafa rayonu Vurğun qəsəbəsinin H.Əzizov adına tam orta məktəbə qəbul oldum. Yeni kollektiv məni çox mehriban qarşıladı. Şagirdlərimlə dost münasibəti qurmağa çalışıram. Bilirəm ki, fizika fənnini əzbərləməklə anlamadan, suallar vermədən öyrənmək mümkün deyil. Şagird dərsi başa düşərsə və sıxılmazsa, dərsə maraq göstərər, vaxtın necə keçdiyini anlamaz, növbəti dərsi də həvəslə gözləyər. Təkcə, işlədiyim məktəbdə yox, həmçinin internetdə şagirdlərim var. Youtube.com internet səhifəsində fizika fənnini silsilə dərslərlə təmənnasız olaraq öyrədirəm. Mən öyrədən olduğum üçün çox şanslıyam.

Müəllim olmaq istəyən hər kəsə uğurlar arzu edirəm. Bu yol çox şərəfli yoldur!