Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-03 10:00:00
Müəllimlər üçün vacib qərar verən, pulsuz kurslar təşkil edən Təhsil Şöbəsi müdiri –“Qapım hər zaman açıqdır”

Rayon Təhsil Şöbələrinə edilən yeni təyinatlar təhsil cameəsi və medianın diqqətindədir. Təyinatın baş tutduğu rayon əhalisini maraqlandıran əsas məqam isə ərazidə həyata keçiriləcək təhsil yenilikləri ilə bağlıdır.

“Şagirdlərin olimpiadada iştirakı ilə bağlı xüsusi qrafik təyin etmişik”

Yeni təyinat alanlardan biri də Anar Məcidovdur. O, iki aydır ki, Oğuz Rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. Problem və uğurlarını AzEdu.az-la bölüşən RTŞ müdiri statistik məlumatlara nəzər salaraq söhbətə Oğuz rayonunun təhsil göstəriciləri ilə başlayıb. Bildirib ki, Oğuz regionda təhsili ən yaxşı səviyyədə olan rayonlardan biridir:

 “Təhsil göstəricilərimizə görə, respublikada ilk onluqdayıq. Daha yaxşı olması üçün isə çalışırıq. 2 aydan çoxdur, bu vəzifəyə təyinat almışam. Təyinata qədər Oğuz rayon 2 nömrəli tam orta məktəbin direktoru olmuşam. Yəni, təyinatdan öncə də təhsildən kənarda olan biri deyildim.

Təhsili idarəetmə orqanının  rəhbəri olaraq ümumi orta təhsil bazası üzrə nəticələrin daha da yüksəlməsi, olimpiadalarda qızıl medalların sayının artırılması, olimpiadalarda iştirakın kütləviliyinin təmin olunması üçün çalışıram. İstedadlı şagirdlərin olimpiadada iştirakı ilə bağlı xüsusi qrafik təyin etmişik. Ən istedadlı şagirdləri ixtisaslar üzrə seçərək olimpiadanın məktəb mərhələsini keçiririk. Olimpiadaların rayon mərhələsinin də bu ay ərzində keçirilməsi planlaşdırılır. Göstəricilərin daha da yaxşı olması, tələbə adını qazanan məzunların orta balının artırılması əsas hədəflərimizdəndir.

500 və 600-dən yuxarı bal toplayan kifayət qədər şagirdlərimiz var. Amma məni düşündürən əsas məsələ qəbul üzrə orta balın daha yüksək olmasıdır”.

Anar müəllim RTŞ müdiri olaraq məktəblərdə vətəndaş yetişdirməyin  vacibliyi dərk etdiyini də vurğulayıb:

“Əsas məsələ vətəndaş yetişdirməkdir. Cəmiyyətimizə savadlı şəxsiyyətlər lazımdır.

Bəzən təhsil göstəriciləri aşağı olan bir şagird ordu sıralarına qatılır, özünü orada tapır. Şagirdin vətənini sevməsi də vacibdir. Hərtərəfli məktəblilər yetişdirib onları cəmiyyətə inteqrasiya etməyi qarşımıza məqsəd qoymuşuq”.

“Kargüzarlıq fəaliyyəti ilə bağlı ödənişsiz kurslar təşkil edirik”

Təyinatından sonra tətbiq etdiyi yeniliklərə gəlincə isə Anar müəllim belə cavab verib:

“Kargüzarlıq fəaliyyəti ilə bağlı ödənişsiz kurslar təşkil edirik. Bütün ümumtəhsil məktəblərində çalışan direktor, direktor müavinləri və digər rəhbər işçilər kurslara cəlb olunurlar. Düşünürəm ki, gələcəkdə sənədləşmə işlərinin təkmil formada hazırlanmasına  dəstək verəcəyik.

Bütün məktəblərdən şagirdlərin psixoloji xəritəsini almışıq. Risk qrupuna daxil olan məktəbliləri diqqətdə saxlayacağıq. Bu, yalnız Oğuza deyil, bütün respublikaya aid məsələdir. Məktəblərdə çətin tərbiyə olunan şagirdlər görürük. Bu, həm şagirdin yaşadığı mühit, həm də ailəsindən qaynaqlanır. Oğuzda bir və ya hər iki valideynini itirən, valideyn himayəsindən məhrum uşaqlar var. Məktəbdə belə şagirdlərə daha çox vaxt ayırmalıyıq. Hər məktəb psixoloqunda şagirdlərin psixoloji xəritəsi olmalı, xəritəyə uyğun işlər görülməlidir.

Şagirdin yaxşı oxumağa həvəsi olmasa belə, müxtəlif peşə yönümlü kurslara yönləndirilməlidir.

Bundan əlavə, bilik və bacarıqları ilə seçilən, xüsusi adlara layiq görülən müəllimlərə kömək edirik ki, gələcəkdə özlərini işlərində tapa bilsinlər. İşə yeni qəbul olunan müəllimlər Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən sonra yerlərə göndərilirlər. Buna görə də, nəzəri cəhətdən kifayət qədər savadlı olurlar. Nazirliyin əsas uğuru burada şəffaflığın təmin olunmasıdır. Ən ucqar dağ kəndinə təyin olunan müəllimlərimiz belə savadlıdırlar. Sadəcə təkmilləşmələri üçün onlara peşə hazırlığı ilə bağlı dəstək olmaq lazımdır”.

“Müəllimlər üçün qabiliyyət imtahanları keçirilsin”

Anar Məcidov müəllimlərin təkmilləşdiriməsi məqsədilə müxtəlif təkliflərlə də çıxış edib:

“Bu təklifimi Təhsil Nazirliyi qarşısında da qaldıracağam.  Müxtəlif peşələr üzrə qabiliyyət imtahanları keçirilir. Düşünürəm ki, gələcəkdə  Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı və  müsahibə mərhələsindən keçmiş müəllimlər üçün müxtəlif ixtisaslar üzrə qabiliyyət imtahanları keçirsin. Ən azından yerli təhsili idarəetmə orqanı olaraq kadrların yalnız bilik deyil, bacarıqlarını da yoxlayaq. Bəzən işə qəbul edilən müəllim yüksək bal toplasa da, sinfi ələ ala bilmir. Çünki hələ müəllim olmağa hazır deyil. Bunu onun nümunəvi dərsinin təşkili və ya bir neçə ay ərzində fəaliyyətini izləməklə etmək mümkündür”.

“Bir RTŞ müdiri olaraq istənilən vaxt qapım valideynlərin üzlərinə açıqdır”

Anar müəllim təhsilin sifarişçilərini də diqqətdə saxlayır:

“Valideynlər təhsillə birbaşa bağlıdırlar. Şagirddən yüksək nəticə tələb etmək üçün onun ailəsinin də təhsilə marağı olmalıdır. Buna görə də məktəb valideyn-münasibətlərini qaydasında saxlamağa çalışıram. Bir RTŞ müdiri olaraq istənilən vaxt qapım valideynlərin üzlərinə açıqdır. Təki valideyn yenilik, istəklə gəlsin.

Hazırda valideynləri əsasən yol problemləri narahat edir. Təmirə ehtiyacı olan ümumtəhsil müəssisələri, isitmə sistemi ilə bağlı müraciətlər də var. İstərdim, yaxınlıqda istilik sistemi olan bütün kənd məktəbləri istiliklə təmin olunsun.  Sinifdə şərait olanda tədrisin keyfiyyəti də yaxşılaşır. Məsələn, bu yaxınlarda Padar kənd məktəbi əsaslı təmir olundu. Yaxın vaxtlarda istifadəyə veriləcək.

Bir sözlə, tədrisin keyfiyyətini yüksəltmək üçün Rayon Təhsil Şöbələrinin qarşısında heç bir əngəl yoxdur.  Bu işdə heç bir bəhanəyə söykənmək olmaz”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları