XƏBƏRLƏR

27.11.2019 16:05
Bağça müdiri olmaq üçün nələr tələb olunur? - Təhsil və təcrübə səviyyələri

Mediada mütəmadi olaraq orta ümumtəhsil müəssisələrinin direktorlarının işə qəbulu, məktəb rəhbəri olmaq üçün vacib şərtlər barədə məlumatlar yayımlanır.

Aydındır ki, direktorların işə qəbulu 4 mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda isə bu müddət 3 il müəyyən edilir.

Bağça müdirləri isə hər hansı müsabiqə olmadan təyin edilirlər. Bəs, bağça müdiri olmaq üçün nə kimi şərtlər tələb olunur?Onların hansı səviyyədə təhsilli olmaları mütləqdir?

AzEdu.az məlumat verir ki, bu barədə “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda qeyd olunub. Qanunvericiliyə görə, bağça müdiri olmaq istəyənlər üçün müəyyən tələblər mövcuddur.

Bağça müdirləri məktəbəqədər təhsil və ya idarəetmə üzrə ali təhsilə, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsili və məktəbəqədər təhsil müəssisəsində 5 ildən az olmayaraq pedaqoji staja sahib olmalıdırlar.

Qanunvericiliyə görə, bağça müdiri aşağıdakıları bilməlidir:

-“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunları;

-Məktəbəqədər təhsillə bağlı qanunvericilik aktlarını;

-Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını;

-Milli məzmun standartlarını və kurikulumları;

-Pedaqogika elminin yeni nailiyyətlərini;

-Müvafiq təlim-tərbiyə proqramlarını, yeni pedaqoji texnologiyaları:

-Uşaqların həyat və səhhətinin qorunması məsələlərini;

Əmək qanunvericiliyi, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Qeyd edək ki, qanunvericilik bağça müdirləri üçün xeyli tələblər irəli sürsə də, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyində olmadığına görə, onlara rəhbər təyinatı, işçi qəbulu müsabiqə yolu ilə keçirilmir.

Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsindəki göstəricilərə görə, bu il 1800 məktəbəqədər təhsil müəssisəsi rəhbərindən 71, 9 %-nin ali təhsilli olduğu aşkarlanıb. Ali təhsillilərin 95, 7 %-i isə məhz pedaqoji ali təhsilə sahibdir.

Maraqlısı budur ki, statistik göstəricilər məktəbəqədər təhsil müəssisəsi rəhbərlərinin 0,9 %-nin yalnız tam orta təhsilə sahib olduğunu aşkarlayıb.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları