XƏBƏRLƏR

08.11.2019 17:10
Nəsiminin gizli rəmzlərini çözən müdrik niyə huşunu itirdi? - Esse-təhlil

 

             Ney sədası içində görüş

              Ey bülbüli-qüdsi nə giriftari qəfəssən

              Sındır qəfəsi tazı gülüstan tələb eylə

Neçə vaxt idi ki, ancaq bu misraları dilinin əzbəri edən,    dinib danışmayan Jəmu-Dəmunu  artıq heç kəs qəbul etmirdi. Onsuz da kütlə kütlüyünün qurbanı olan  bu müdrik gənc   indi  daha da  özünə  qapanmış və ustadından yadigar qalan,  dağılmaqda olan dərgahda guşənişin həyat keçirirdi.   

Özünü Allahda əritmək istəyirdi və beləcə bütün dünya özü-özlüyündə onun nəzərində əriyirdi.

Həqiqətə tərəf qaçırdı. Geriyə dönəndə görürdü ki, insanlar ona baxır və  gülür, “bu dəli yenə hara qaçır?”  deyirdilər. O,  amma hardasa bir həqiqət görmüşdü və özünü tanıyandan onun arxasıyca qaçmağa çalışırdı.

“Həqiqətdə  itmək özünü tapmaqdır.

Özünü kəşf həqiqəti zinətləndirir. Çünki kəşf olunan hər bir insan ruhu Həqiqət adlı ümmana əlavə olunur və ona daha çox parlaqlıq gətirir”

 Bu cür fikirləşirdi öz-özünə  Jəmu Dəmun  və bir də son zamanlar bu tərəflərə səfər edən Anadolu dərvişinin bağışladığı neyi yanıqlı-yanıqlı dilləndirəndən sonra  öz-özünə elə hey təkrar edirdi:

                                   Ey bülbüli-qüdsi nə giriftari qəfəssən

                                  Sındır qəfəsi tazı gülüstan tələb eylə…

Bir gün neyə o  qədər aludə oldu ki, özünü tamamən o İlahi sədaya təslim etdi. O səsə qarşıdı, o səs kimi axdı və qəflətən gəlib çölün düzündə çiynində heybə,  əlində əsa başında digər sufi təriqətlərindən fərqli olan  papaq qoymuş biri ilə rastlaşdı.  

-Kimsən sən?

-Kimliyimiz Günəşdəndir, zərrəni bil, bizlərdən hali ol!

-Mən hardayam?

-Kamilliklə cahilliyin ayırdığı ağ xəttin üstündə. Əbədiyyətə aparan bir xətt. Saf elminə, saf ruhuna aparır bu xətt.

-Hara gedəcəyik biz?

-Bax hər şey orda.. Səmalardan o tərəfdə , ağ xəttin bitdiyi nöqtədə başlayır. Ağ xətt bitəndən sonra sən başlayırsan. Deməli, bu dünyadakı cismin və fəaliyyətin əslində Əsl Səni formalaşdırmaq üçün bir vasitəçidirlər. Sən olandan sonra artıq onlar olmur. Onlar səni var edir, özləri yoxluğa qovuşur, sən əbədiyyət qazanırsan, onlar isə boşluq.

-Kimsən sən?.... Əldən düşmüş Jəmu-Dəmun yalvarıcı nəzərlərlə qarşısndakı kamildən soruşdu.

“İnsan canı sanki tilsim nurunu Haqq qatmış ona

  Kim özünü belə görə bir mələkdir deyil bəşər.

 Hər bir zərrə yaranmışdır, bircə nurun şöləsindən

 Bir dəryanın suları da yağış olar dürrə bənzər.

 Son yazdığım hikmətlərdir . Özündə xeyli gizli şifrələri qoruyub saxlayır .  Gizli kainat, kiçik kainat və böyük kainat, həmçinin onların arasında qarşılıqlı işıq alveri bu beytlərin cövhəridir.

 ( Esse müəllifindən qeyd -1 - Əsrlər keçəcək,  XX əsr gələcək və yalnız bu zaman alimlər,  özü də ən böyük alimlər biləcək ki, mikrokosmos və makrokosmos əlaqələri bəşəriyyətin ən böyük elmidir. Mikrokosmos – insan və makrokosmaos kainat bir-birilə daima enerji mübadiləsində olur. İnsan  kainatdan hər saniyə müsbət və mənfi yüklü ionlar alır , həmçinin özü də eyni tərkibli ionları kainata ötürməkdədir. Onu da qeyd edək ki,  insanın kainata ötürdüyü bu informasiyalar müxtəlif kodlar şəklində onun yaddaşında qorunub saxlanılır. Kainat öz gizli elmlərinə insandan,  yəni mikro formasından keçərək çatır.  Qərb alimlərinin XX əsrin sonunda kəşf edə biləcəkləri bu qənaətlərə Nəsimi hələ XIV əsrdə yiyələnmişdi ). 

Jəmu- Dəmun  bu misraların sahibinin böyük   Nəsimi olduğunu anladı və ağzın açmağa cəsarət belə etmədi. Nəsə demək onun üçün ən ağır cəzaya çevrilmişdi az qala.. Nəsimi bunu görüb heybəsindən bir kağız bağlaması çıxarıb, ona uzatdı .

-Burda səni sıxıntıdan çıxara biləcək xeyli sirlər var. Bu sözlərdəki hikmət və gizli cövhərlər səni aludə olduğun kimsəsizlikdən qurtaracaq. Sənə zərrələrin böyüklüyü və Günəşə varmaları barədə cövhərlərə verdim. Bu cövhər sənin qəfəslərini sındıracaq. Öz içində özünü həbs etdiyin 7 yeddi qəfəs var.

(Esse müəllifindən qeyd-2 - XXI əsr gələcək və yenə alimlər, özü də ən böyük alimlər müəyyən edəcək ki, insanın ruhi inkişafı 7 mərhələdən keçir. Bütün informasiya mübadilələri ümumdünya şəbəkə toru bu yeddi məqamın mahiyyətini əks etməkdədir. Nəsimi isə bunu öz dövründə deyə biləcək qədər dahi idi ). 

Jəmu Dəmun təəccüb içində qaldı. Nəsimidən nəsə soruşmaq istəyirdi. Filosof heç nə demədi. Əlini onun çiyninə vurdu və ahəngdar səslə dedi:

                                        Ey bülbüli-qüdsi nə giriftari qəfəssən

                                         Sındır qəfəsi tazə gülüstan tələb eylə

Jəmu-Dəmun hiss etdi ki, vaxtdı. Ney sədası bitən kimi o da yenidən özünə qayıtdı. Amma beynindəki hücrələrə nə isə yapışıb qalmışdı. Ney onun ustadı Nəsimi ilə görüşdürmüşdü. O çəkisizlik halını yaşayırdı. Ney həm də ona kağızdakı bilgiləri beyninə yığmışdı.

Jəmu-Dəmun artıq kütlənin içinə çıxmaq vaxtı olduğunu hiss etdi. Həmişə çıxış etdiyi meydan və meydandakı kürsü artıq onun üçün darıxmışdı…

                                I Gövhər

       Bahar gəldi, bahar gəldi, yaşıl geydi ,bahar gəldi

      Uzaqlaş qüssədən ey dil, əlində mey nigar gəldi.

 -Nəsimi Allahın hikmət dəryasından bir-çox damlaları ruhunda yaşadırdı. O, öz ruhundan 3 gövhər ayıraraq bizlərə sovqat yolladı. O damla-gövhərlərin içində üzə bilmək xilasımızdır ! Mənəvi,  ruhi xilasımız.  Dediyim beyt ilk gövhərin evidir. Özü yox,  evi, yaxud da  libası. Həqiqət orda yaşayır.  “Bahar gəldi” deyir, böyük ustad. Hamınız onu mövsümlə əlaqələndirərsiz. Əsla elə deyil! Qədimdə bir hind müdriki varmış. Şagirdlərinə deyərmiş. “Ruhunuza toxumlar səpmişəm. Baharın yetişməyinə az qalıb. Sakitliyimə və müdrikliyimə qərq olun,  könlünüzdə günəş   olsun!”

 Ustad Nəsiminin də dediyi bu!  Ruhumuzda yetişəcək bahar,  yaşıllaşmaqda olan çiçəklər əvvəlki halımıza dönməkdə bizlərə yardımçı olacaq. İnsan övladı yer üzünə gələndə öz baharından ayrılıb gəlir. Amma hamı gedəndə öz baharına qovuşmayacaq. Yer üzü ruhu yaşıllaşdırmağın çox üsulunu  insana göstərir, amma səd-heyf ki,  hamı bu yaşıllığı yetişdirə bilmir.

(Esse müəllifindən 3-cü qeyd: - Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük   Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllərin biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi  artıq onun üzərinə fəna aləminin qapılarını açır. O, öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz buna görə imtina etmişdi ki, illuiziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki , real həyatda mart ayının sonlarında bahar gəldikdən sonra təbiət  qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhi aləmində də bu hallar baş verir. Belə ki, fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma,  bu ayılmadan sonra bədəninə yayılan enerji və bu enerjinin dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilası halları baş verir. Bir sözlə, İlahi aspektə doğru hərəkət edərək insan bioloji varlığı ilə ruhi varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz bu vahid İlahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində Bahariyyə adlanır) 

Ustad sizlərə bahar göstərir. Uzaqda olmayan baharı . Ruhunuz  çoxqatlı yaşıllıqları özündə gizlədir. Ondan xəbərsizsiniz , öz qışınıza bürünmüsüz. Ruhi soyuqluq sizi məhv edəcək, ruhi soyuqluq sizi məhv edəcək... Son cümləni təkrar edə -edə halı dəyişən Jəmu-Dəmunə hamı məftunedici nəzərlərlə baxırdı. Artıq o, özündən keçmişdi və özü də bilmədi ki,  nə vaxt Nəsimidən aldığı ikinci qızıl damlanı insanların üzərinə səpdi... (ardı var)

İlin gənc müəllimi-Müraciət formu