XƏBƏRLƏR

08.11.2019 14:45
Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Noyabrın 8-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.

Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində addımlar atıldığını deyib. Nazir əlavə edib ki, son illərdə Təhsil Nazirliyinin fəaliyyətində müəllimlərlə bağlı siyasət prioritet təşkil edib, ən ciddi uğurlar da məhz müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində əldə edilib.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə görülən işləri diqqətə çatdıran  nazir bildirib ki, bu gün qarşıda duran ən vacib vəzifələr təhsilin hər bir vətəndaş üçün əlçatanlığının təmin edilməsi, keyfiyyət göstəricilərinin yüksək və rəqabətli olmasıdır. Bununla əlaqədar hər bir təhsil işçisi qeyd edilən məsələləri əsas fəaliyyət istiqaməti kimi nəzərə almalı və təmin etməlidir.

Nazir çıxışının sonunda bir daha təltif edilən təhsil işçilərini təbrik edib.

 Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 126 nəfər “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.

İlin gənc müəllimi-Müraciət formu