Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 17:18:00
Ali təhsil müəssisələri üçün plan yerləri ildən-ilə artırılır

1992–2018-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir.

AzEdu.az xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik hesabatında yer alıb.

Plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, 1992–2018-ci illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.66 dəfə, abituriyent ərizələrinin sayı isə 2.06 dəfə artıb. İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub.

Hesabatda bildirilir ki, ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılmışdı. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərmiş, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşmüşdü.