Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 12:15:00
Bakıda keçiriləcək 45-ci illik konfransına hazırlıq işləri yekunlaşıb  

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransını təşkil edəcək. Bakıda keçiriləcək builki konfransın mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır.

DİM-dən AzEdu.az-a bildirilib ki, tədbirdə təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların mühazirələri ilə yanaşı, praktiki məşğələlər də keçiriləcək. Konfransda dünyanın nüfuzlu təhsil müəssisələrindən olan “spikerlər”- Piter Tims “İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi”, Neytin Kuncel “Təhsilin qiymətləndirilməsində proqnozlar və proseslər”, Hanan Xalifa “Qiymətləndirmə islahat təşəbbüsü kimi”, Cemi Dunli “Təhsil islahatlarında ümumi standartların səmərəli şəkildə həyata keçirilməsində standartların rolu”, Amra Seybik El-Reys “Azərbaycanın iqtisadi inkişafında təhsilin və qiymətləndirmənin rolu: imkanlar və çətinliklər” mövzuları üzrə mühazirələrlə çıxış edəcəklər.

Konfransda iştirak etmək üçün 250-dən çox beynəlxalq mütəxəssis qeydiyyatdan keçib. Məruzəçilər tərəfindən 100-dən çox məqalə təqdim edilib. Hazırda konfransın elmi komitəsi tərəfindən məqalələrə baxış keçirilir.

Tədbir haqqında ətraflı məlumatı http://iaea2019.org/ saytından əldə etmək mümkündür.