Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 11:15:11
Universitetlərdə imtahansız oxumaq istəyən subbakalavrların nəzərinə - “Yalnız bunları seçə bilərsiniz”

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün avqustun 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçmək hüququna malik deyil.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində yalnız müəyyən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar iştirak edə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir. Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

Tam orta təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).

Qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə ümumi qaydada, həm də qəbul imtahanlarında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə keçirilən müsabiqədə iştirak edə bilər. Bunun üçün həmin şəxs qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları