XƏBƏRLƏR

18.07.2019 16:47
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib - FOTO  

İyulun 18-də Azərbaycan Texniki Universitetinin idman zalına müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləmək üçün infotur təşkil olunub.

AzEdu.az xəbər verir ki, infotur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, bu il də müəllim olmaq istəyən namizədlərin sayında artım dinamikası müşahidə edilir. İmtahanların mövcud qaydalara uyğun təşkili, obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahan prosesinə xüsusi nəzarət edilir, namizədlərin qarşılaşdığı problemlərin həlli ilə bağlı yardım edilir.

Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu günədək 24 456 nəfər imtahanlarda iştirak edib. Həmin namizədlərdən 8 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Bu gün ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyən namizədlər imtahan verir.

Qeyd edək ki, iyulun 8-dən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu