2024–2025-ci tədris ilinin ilkin nəticələrə əsasən Avstraliyada təhsil alacaq yeganə azərbaycanlı xanım Dövlət Proqramı təqaüdçüsü Elvina Hüseynovadır.
O, Avstraliyanın ən böyük universitetinə - (Sidney Universitetinə) Xüsusi və İnklüziv Təhsil üzrə magistratura pilləsinə qəbul olunub.
AzEdu.az Təhsil Portalı olaraq Elvina xanımı daha yaxından tanımaq üçün ondan müsahibə aldıq.
Müsahibimiz əvvəlcə özü barədə məlumat verdi.
- Mən, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində təhsil almışam. Məktəb illərimi yüksək qiymətlərlə başa vurdum və müxtəlif müsabiqələrdə iştirak etdim. Məzun olduqdan sonra 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi üzrə bakalavr təhsili aldım. Universitetimizdə xarici müəllimlərin tədris metodu xüsusi diqqətimi çəkirdi. Bu səbəbdən 2015-ci ildə “SABAH” qruplarına imtahan vermək qərarına gəldim və nəticə uğurlu oldu. Beləliklə təhsilimi xüsusi qruplar üzrə davam etdirdim. Təhsil aldığım müddətdə, ingilis dili müəllimi kimi fəaliyyət göstərmişəm. Zamanla idarəetmə sahəsinə xüsusi marağımın olduğunu kəşf etdim. İdarəetmə biliklərinə yiyələnmək məqsədilə SOCAR-ın Bakı Ali Neft Məktəbində biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistratura təhsili aldım.
- Elvina xanım, Avstraliyada yeganə təhsil alan azərbaycanlı xanım olmaq necə hissdir?
- Xaricdə təhsil almaq mənim uşaqlıq arzum olub. Bu arzunun Avstraliya kimi möcüzəvi bir ölkədə reallaşması çox gözəl hissdir. Bu ölkəni, Sidney universitetini seçmək üçün çox araşdırmalar etmişəm. Fərdi araşdırmalarımla yanaşı, ətrafımda Sidneydə təhsil almış və həmçinin təhsil almaqda olan tanışlarımdan aldığım müsbət rəylər seçimimdə müstəsna rol oynadı. “SABAH” qruplarında müəllimim olmuş, daha sonra dostlaşdığım Yeni Zelandiyalı Gilbert Bates həmişə mənə Avstraliyanın necə gözəl bir ölkə olmasından bəhs edir. Fərqindəyəm, Avstraliya fərqli ölkədir, xüsusi bir materik, hətta deyərdim ki, ayrı bir dünyadır. Amma düşünürəm ki, ürəkləri fəth edən, təbiəti ilə seçilən Avstraliyada təhsil almaqdan çox zövq alacam. Universitetin TOP 20-də olmağı mənim üçün ayrı bir sevindirici haldır. Düzdür, Avstraliya haqqında səslənən məlumatlar bir xanım üçün ürküdücü gəlsə də, mən bunlardan qorxmuram, çəkinmirəm. Standartlardan kənar seçim etməyi sevirəm. Düşünürəm ki, Avstraliya da bu xüsusi seçimlərdən biridir. Buna görə də peşman olmayacam.