Hər semestr üzrə təhsil haqqı ödəməyin son müddəti universitetdən universitetə dəyişir. Bəziləri ödənişləri tələbələrdən semestrin əvvəlində, bəziləri isə sonunda tələb edirlər.
Bəs görəsən, ali məktəblərdəki daxili qaydalara, əsasən, təhsil haqları nə zaman ödənilməlidir?
AzEdu.az informasiya əldə etmək üçün hər universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova cavabında bildirdi ki, tələbələr təhsil haqqını semestr imtahanına qədər ödəməlidirlər:
"Onlara təhsil haqqını hissə-hissə, aylara bölərək ödəmək üçün imkan yaradılır".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd etdi ki, universitetdə tələbələrin sosial və iqtisadi vəziyyəti nəzərə alınaraq təhsil haqlarının mərhələli şəkildə ödənilməsinə şərait yaradılır:
"Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi normativ akta əsasən, birinci kurslar təhsil haqqının minumum 50%-ni ödəyərək portal üzərindən universitetə qəbul olunurlar. Lakin növbəti kurslardan etibarən təhsil haqqının aylar üzrə semestrin sonuna qədər ödəyə bilərlər. Həmçinin birdəfəlik ödəniş etmək də mümkündür.
Bundan əlavə qanunla xüsusi həssas qrupa daxil olmayan tələbələrin təhsil haqlarının ödənilməsi belə, bəzən universitetin ictimai təşkilatları vasitəsilə həyata keçirilir".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd etdi ki, universitetdə tələbələrin yaz semestrinin təhsil haqqını yaz semestrinin imtahan sessiyası başlayanadək ödəməsinə imkan yaradılır:
"Həmçinin qeyd edək ki, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr bununla bağlı universitet rəhbərliyinə müvafiq qaydada müraciət etdikləri zaman onlara müəyyən müddət ərzində güzəşt edilir".
Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd etdi ki, tələbələr təhsil haqqını ildə iki dəfə olmaqla - birinci semestr oktyabrın 15-dən, ikinci semestr – martın 15-dək ödəyə bilərlər:
"İstər əcnəbi, istərsə də yerli tələbələrin təhsil haqqı ödəmələri məsələsində problemlər yaranmır. Hər hansısa çətinliklə bağlı təhsil haqqını ödəyə bilməyən tələbələrlə danışıb, onlara müəyyən müddət möhlət verilir. Maksimum dərəcədə tələbələrin narazılığına şərait yaradılmır və problemlərinə anlayış göstərilir".
Bakı Slavyan Universitetinin KİV-lə əlaqələr üzrə baş mütəxəssisi Səbinə Hüseynzadə sorğumuza cavab olaraq bildirdi ki, təhsilalanlar tədris ilinin ilk semestri üçün təhsil haqqını 15 sentyabradək, ikinci semestri üçün təhsil haqqını isə 15 fevraladək ödənilməlidir:
"Tələbə və BSU arasında bağlanmış müqavilədə qeyd olunur: “Təhsilalana təhsil haqqını ildə iki dəfə ödəməyə şərait yaradılır. Təhsilalanlar tədris ilinin ilk semestri üçün təhsil haqqını 15 sentyabradək, ikinci semestri üçün təhsil haqqını isə 15 fevraladək qanunvericiliklə müəyyən olunmuş qaydada universitetin bank hesabına ödəməyi öhdəsinə götürür".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Mahmudzadə qeyd etdi ki, universitetdə hər semestrin əvvəlində, dərslər başlamazdan öncə semestrin təhsil haqqı ödənilir:
"Lakin maddi çətinlik yaşayan tələbələr bununla bağlı müraciət edəndə onlara müəyyən güzəştlər edilir. Ya müəyyən müddətə ödəyə bilirlər, ya da hissə-hissə ödəmələrinə şərait yaradılır. Eyni zamanda Təhsil Tələbə Kredit Fondu da var ki, istəyən tələbənin oraya müraciət etməsi üçün onlar maarifləndirilir və yönləndirilir. ADMİU tələbəyönümlü universitet olduğu üçün bütün hallarda tələbələr üçün rahat, onların tədrisi prosesinə mane olmayacaq şəkildə problemləri həll etməyə şərait yaradır".
Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova sorğuya cavabında bildirdi ki, hazırkı semestrin təhsil haqqını tələbələr fevral ayının 15-nə qədər ödəməli idilər:
"Ödəməkdə çətinlik çəkən tələbələrə hər zaman möhlət verilir".
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı sorğuya cavab olaraq qeyd edib ki, universitetdə tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı yaradılıb:
"Əlbəttə, çətinlik çəkən tələbələrə möhlət verilir".
Sorğumuza Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova cavabında bildirdi ki, universitetdə təhsil haqqını ödəyə bilməyən tələbələrin Tələbə Təhsil Kreditinə müraciet edilməsinə sərait yaradılır. Bu kateqoriyaya uyğun gəlməyən tələbələrə isə imtahan sessiyasina qədər vaxt verilir.
Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat katibi Sədaqət Turabova bildirib ki, universitetdə təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün müəyyən müddətə qədər möhlət verilir:
Belə ki, imtahan sessiyası başlayana qədər hissə-hissə ödəniş etmək üçün təhsilalanlara şərait yaradılır.