Bakı Mühəndislik Universitetində (BMU) “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən “Eco Hub” layihəsi icra olunub.
AzEdu.az xəbər verir ki, layihə çərçivəsində BMU Tələbə Gənclər Təşkilatının yaxından iştirakı ilə tələbələr “Eco Hub” tərəfindən təmin olunduqları karton materialdan 30 ədəd çeşidləmə qutusu hazırlayıb, universitetin müxtəlif korpus və mərtəbələrində yerləşdiriblər.
Bununla tələbələr daha yaxşı gələcək naminə eko-məsuliyyətini nümayiş etdirib, habelə tullantıların idarəolunması və təkrar emalın əhəmiyyətinə diqqət çəkərək ətraf mühitin qorunmasına, ölkəmizin yaşıl gələcək hədəflərinə öz töhfələrini veriblər.
Qeyd edək ki, layihədə məqsəd plastik tullantıların ətraf mühitə zərərini azaltmaq, tələbələr arasında çeşidləmə mədəniyyətini inkişaf etdirmək və ekoloji məsuliyyəti artırmaqdan ibarətdir.