Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
AzEdu.az xəbər verir ki, təhsil müəssisələrində keçirilən tədbirlərdə FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri iştirak ediblər.
Bunlar Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayon 327 nömrəli və Qaradağ rayon 195 nömrəli tam orta məktəbləri, Sabunçu rayonunda yerləşən 2 saylı doğum evi, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Türkoba kənd ümumi orta məktəbi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli, Samux rayon İ.Məhərrəmov adına Yenikənd kənd və Daşkəsən rayonunun Qazaxyolçular kənd orta məktəbləri, Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü liseyi, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunun Xudat şəhər 1 nömrəli və Siyəzən şəhər 4 nömrəli tam orta məktəbləri, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonunun Hüsənli kənd yam orta məktəbi, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəbi, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayon İ. İbrahimov adına Dərəkənd kənd tam orta məktəbi, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Dövlət Universiteti, Ağdaş rayon Qoşaqovaq kənd tam orta məktəbi, Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçası və Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayon R.Mikayılov adına Bəydili kənd tam orta məktəbidir.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.