2024-cü ildə Azərbaycan beynəlxalq qiymətləndirmə tədqiqatlarında fəal iştirakını davam etdirib.
AzEdu.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında ümumi məlumat qeyd olunub.
Belə ki, fevral ayında keçirilən Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğuda (TALIS) seçilmiş 222 ümumi təhsil müəssisəsindən 4310 müəllim (98%) və 222 direktor (100%) iştirak edib. Bu göstəricilərlə Azərbaycan mərhələni ən yüksək iştirakla tamamlayan ölkələrdən biri olub.
Azərbaycan ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) sınaq mərhələsində iştirak edib. Bakı və Sumqayıtdan seçilmiş 40 təhsil müəssisəsində 521 uşaq (92%), 168 təhsilverən (100%) və 534 valideyn (94%) sorğulara qatılıb. Tədqiqatın əsas mərhələsi 2025-ci ildə keçiriləcək.
May ayında təşkil edilən PISA 2025 Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsində 70 ümumi təhsil müəssisəsindən 4,1 min nəfər 15 yaşlı şagird iştirak edib.
Dekabr ayında açıqlanan TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrinə görə, Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yeri tutub. Təbiət elmləri üzrə nəticə 422 bal olub ki, bu da əvvəlki illərlə müqayisədə aşağıdır. İlk dəfə iştirak edən 8-ci sinif şagirdləri riyaziyyat üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb və bu nəticə beynəlxalq ortalamadan yüksək olub. Təbiət elmləri üzrə nəticə isə 411 bal təşkil edib.
Bundan əlavə, ölkədə təhsil keyfiyyətinin artırılması məqsədilə IV və VI siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə 300 mindən çox şagirdi əhatə edən monitorinqlər təşkil edilib.